"NATO Avropada rus hücumları nəticəsində insanların ölümü ehtimalına hazırlaşmalıdır"

DÜNYA
16:06 / 12.10.2026
53

NATO ölkələri Rusiyanın Avropada həyata keçirdiyi hibrid hücumlar nəticəsində insanların həlak olması ehtimalına qarşı qətiyyətli cavab hazırlamalıdır.

HİT.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “Financial Times” nəşrinə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Rusiya Avropa cəmiyyətlərini sabitsizləşdirməyə və ölkələr arasında parçalanma yaratmağa yönəlmiş əməliyyatlarını gücləndirir. Bu isə hücumlar nəticəsində insan tələfatı riskini artırır. Sikorski qeyd edib ki, NATO müttəfiqləri Rusiyanın hansı addımlarını birbaşa hücum kimi qiymətləndirəcəkləri və belə hallara necə cavab verəcəkləri barədə ciddi müzakirələr aparmalıdırlar.

O bildirib ki, indiyədək əsasən əmlaka zərər vurulması halları müzakirə edilsə də, insan tələfatı baş verərsə, alyans daxilində daha ciddi qərarların qəbul edilməsi zərurəti yaranacaq. Bununla belə, nazir belə vəziyyətlər üçün əvvəlcədən razılaşdırılmış vahid meyarın olmadığını vurğulayıb.

Sikorski Avropa müttəfiqlərini Rusiyanın hibrid hücumlarına qarşı bir sıra tədbirlər görməyə çağırıb. Onun fikrincə, Avropa ölkələri Rusiyanın konsulluqlarını bağlamalı, rusiyalı diplomatların hərəkət imkanlarını məhdudlaşdırmalı və onların sayını azaltmalıdır. Polşa XİN rəhbəri, həmçinin Avropa İttifaqına daxil olan bütün Rusiya vətəndaşlarından biometrik pasport tələb edilməsini və Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin azaldılmasını dəstəkləyib.

Nazir Avropa ölkələrini kifayət qədər sübut olduqda hibrid hücumlara görə Rusiyanın məsuliyyətini açıq şəkildə bəyan etməyə də çağırıb.

Qeyd edək ki, “Financial Times” daha əvvəl Avropa xüsusi xidmət orqanlarının müdafiə sənayesi şirkətlərinin rəhbərlərini Rusiya tərəfindən fiziki hücum təhlükəsinin artması barədə xəbərdar etdiyini yazıb. Məlumata görə, xüsusilə pilotsuz uçuş aparatları və onların komponentlərini istehsal edən şirkətlərin rəhbərləri risk altındadır. Polşada isə baş nazir Donald Tusk və müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı mümkün sui-qəsd hazırlığı barədə məlumatın polisə daxil olduğu bildirilib.

Samir
 

0