Günəş sisteminin gələcəyi ilə bağlı əvvəlki elmi proqnozlar yenidən nəzərdən keçirilə bilər. Yeni araşdırmaya görə, Günəşin ömrünün son mərhələsində kütləsini qeyri-bərabər şəkildə itirməsi planetlərin orbitlərini poza və sistemin sabitliyini gözləniləndən xeyli tez sıradan çıxara bilər.
HİT.az xəbər verir ki, bu barədə “ScienceAlert” nəşri yeni elmi araşdırmaya istinadən məlumat yayıb.
Əvvəlki modellərə əsasən, Günəş təxminən 6 milyard ildən sonra kütləsinin yarısına yaxın hissəsini itirərək ağ cırtdana çevriləcək. Alimlər hesab edirdilər ki, bu prosesdən sonra xarici planetlər milyardlarla il ərzində sabit orbitlərdə qala bilərlər.
Lakin Kaliforniya Texnologiya İnstitutunun astrofizikləri Konstantin Batıgin və Cim Fuller, eləcə də Miçiqan Universitetindən Fred Adamsın apardığı araşdırma fərqli nəticələr ortaya qoyub. Tədqiqatçılar hesab edirlər ki, Günəş maddəni tədricən və bərabər şəkildə deyil, ayrı-ayrı güclü atılmalarla itirə bilər. Bu isə onun cazibə qüvvəsinə təsir edərək planetlərin hərəkət trayektoriyalarını dəyişə bilər.
Alimlərin 48 kompüter simulyasiyasından ibarət ən real ssenarilər qrupunda 37 halda xarici planetlərin orbitləri gözlənilməz şəkildə kəsişməyə başlayıb. Bəzi modellərdə bu proses Günəşin xarici təbəqələrinin böyük hissəsini itirməsindən əvvəl baş verib.
Araşdırmaya görə, Uran və Neptun öz yerlərini dəyişə və ya Yupiterin orbitinə yaxınlaşa, Saturn isə ümumiyyətlə Günəş sistemindən kənara çıxa bilər. Modelləşdirmə nəticələrinə əsasən, ssenarilərin 90 faizində Günəş ağ cırtdana çevrildikdən sonrakı 3 milyard il ərzində sistemin sabitliyi pozulub.
Tədqiqat müəllifləri bildirirlər ki, bu nəticələr planet sistemlərinin uzunmüddətli sabitliyi barədə mövcud təsəvvürlərin yenidən qiymətləndirilməsini tələb edir. Alimlərin fikrincə, oxşar proseslər qalaktikamızdakı digər ulduz sistemlərində də baş verə bilər.
Samir


