Sirli Voyniç əlyazması ilə bağlı yeni tədqiqat alimlərin bir əsrdən çoxdur ki, şifrəsi açılmayan bu sənədi yanlış ardıcıllıqla oxuduqlarını ehtimal etməyə əsas verir. Həmçinin əlyazmanın ilkin mərhələdə bütöv kitab şəklində olmadığı güman edilir.
HİT.az xəbər verir ki, “IFLScience” nəşrinin yazdığına görə, əlyazma 1912-ci ildə polşalı nadir kitablar satıcısı Vilfrid Voyniç tərəfindən, ehtimal ki, Cənubi Avropadakı qədim kilsələrdən birinin içərisində yerləşən sandıqda aşkar edilib. Sənəd naməlum dildə yazılmış və müxtəlif təsvirlərlə müşayiət olunan mətndən ibarətdir. Burada naməlum bitkilər, qəribə heyvanlar, əjdahalar, qalalar və sirli astroloji simvollar təsvir olunub.
Tədqiqatçıların fikrincə, əlyazmanın dili təbii dillərə xas qanunauyğunluqlara tabedir. Buna baxmayaraq, indiyədək onun şifrəsini açmaq mümkün olmayıb.
Radiokarbon analizinin nəticələri 95 faiz ehtimalla göstərir ki, əlyazmanın perqamenti 1404–1438-ci illər arasında yaşamış heyvanların dərilərindən hazırlanıb. Bununla belə, sənədin məlum olan ilk etibarlı sahibi Müqəddəs Roma imperiyasının imperatoru II Rudolfun (1552–1612) yaxın çevrəsinə daxil olan şəxs olub.
Son tədqiqat zamanı alimlər əlyazmanın səhifələrinin yerlərinin dəyişdirilmiş ola biləcəyini müəyyən ediblər. Kolin Leyfild və Liza Faqin Devis adlı tədqiqatçılar sənədi latent-semantik analiz (LSA) metodundan istifadə etməklə araşdırıblar. Bu, böyük mətn massivlərinin statistik təhlilinə əsaslanan üsuldur və məsələn, mənaca oxşar sözləri müəyyənləşdirmək üçün tətbiq edilir.
Alimlər həmin metoddan sənədin ilkin quruluşunu və səhifələrinin əvvəlki ardıcıllığını müəyyənləşdirməyə kömək edə biləcək dəlilləri aşkar etmək üçün istifadə ediblər.
Tədqiqatçılar bildiriblər ki, əldə etdikləri nəticələr Voyniç əlyazmasının əvvəlcə dəftər blokları şəklində cildlənmək üçün nəzərdə tutulmadığını göstərən ciddi dəlillər ortaya qoyub. Onların fikrincə, sənəd ilkin mərhələdə ardıcıl oxunmaq üçün hazırlanmış ayrı-ayrı qoşa vərəqlərdən — bifoliumlardan ibarət olub.
Bəzi səhifələrdəki təsvirlər kitabın mərkəzi açılımını keçərək növbəti səhifədə davam edir. Digər hallarda isə rəsmlərin kitabın mərkəzi qatını keçib qarşı səhifədə davam etməsi nəzərdə tutulmuş kimi görünür. Lakin əlyazmada həmin səhifənin ardınca gəlməli olan hissə xeyli uzaqda yerləşir.
LSA metodu ilə aparılan təhlilin nəticələri və digər mətnlərlə müqayisələr bu fərziyyəni dəstəkləyir. Eyni zamanda, nəticələr səhifələrin müxtəlif insanlar tərəfindən yazılmış ola biləcəyinə işarə edir.
Tədqiqatçıların fikrincə, mövcud məlumatlar əlyazmanın tək bir şəxsin əsəri deyil, daha çox kollektiv iş olduğunu göstərir. Ola bilsin ki, bu, biliklərin nəsildən-nəslə ötürülməsi üçün istifadə olunan dəftər və mətnlər toplusu olub. Buna görə də əlyazmanın “tənha bir dahinin” yaratdığı əsər olması fikri inandırıcı görünmür.
Tədqiqatçılar əvvəlki araşdırmalara istinad edərək bildirirlər ki, kitab yalnız bir dəfə — son qotika dövründə, təxminən 1400–1500-cü illərdə yenidən cildlənib. Bu fakt səhifələrin indiki ardıcıllığının məhz həmin proses zamanı dəyişmiş ola biləcəyi ehtimalını gücləndirir.
Beləliklə, yeni araşdırma Voyniç əlyazmasının sirrini tam açmasa da, onun ilkin quruluşunun və mətnin yaradılma tarixinin daha yaxşı anlaşılması üçün yeni istiqamət ortaya qoyur.
Samir

