300 il əvvəl yazılan romanda süni intellektin izləri: Müəllifin heyrətamiz təsviri

DÜNYA
21:55 / 13.10.2026
76

Təxminən 300 il əvvəl qələmə alınmış bir romanda sözləri təsadüfi şəkildə birləşdirərək kitab yazan maşından bəhs edilir. İrlandiyalı yazıçı Conatan Sviftin 1726-cı ildə nəşr olunan “Qulliverin səyahətləri” əsərində təsvir etdiyi bu qurğu müasir süni intellekt texnologiyalarını xatırladır. Romanda Marsın iki peyki haqqında verilən məlumatlar da diqqət çəkir.

HİT.az xəbər verir ki, dünya ədəbiyyatının klassik nümunələrindən sayılan əsərdə yazıçı Lemuel Qulliverin xəyali səyahətləri vasitəsilə insan təbiətini, siyasi quruluşu və dövrünün elmi fəaliyyətlərini satirik şəkildə təsvir edir. Romanın üçüncü hissəsində yer alan Laqado Böyük Akademiyası isə bu günün texnologiyaları ilə müqayisə oluna biləcək maraqlı bir ixtiraya ev sahibliyi edir.

Kitab yazan maşın necə işləyirdi?

Romanda təsvir edilən akademiyada fəlsəfə, poeziya, siyasət və hüquq kimi müxtəlif sahələrdə kitablar yaratmaq üçün nəzərdə tutulmuş nəhəng taxta mexanizm mövcuddur. Qurğu çarxlar və naqillər vasitəsilə sözləri təsadüfi ardıcıllıqla birləşdirir, nəticədə yaranan ifadələr isə tələbələr tərəfindən qeydə alınır.

Bu üsulla, hətta müvafiq sahədə xüsusi biliyi olmayan insanların da kitab yaza biləcəyi iddia edilir. Mexanizmin əsas ideyası müasir böyük dil modellərini və mətn yaradan süni intellekt sistemlərini xatırladır. Hər iki halda sözlərdən və dil nümunələrindən istifadə etməklə mətn yaratmaq mümkündür. Lakin mətnin formalaşdırılması onun məzmununun həqiqətən dərk edilməsi ilə eyni deyil.

Bununla belə, Sviftin məqsədi gələcəyin texnologiyalarını qabaqcadan təsvir etmək deyildi. Yazıçı bu mexanizm vasitəsilə öz dövründə elmi fəaliyyətə, bilik istehsalına və nəticəsi şübhəli olan layihələrə ayrılan böyük resurslara istehza edirdi.

Marsın iki peyki haqqında təxmin

Romandakı digər maraqlı məqam Marsın iki peykinin olması barədə məlumatdır. Svift əsərində bu peyklərin planetdən uzaqlığı və dövr etmə müddətləri ilə bağlı da müəyyən rəqəmlər göstərir. Bu təsvirlər Marsın peykləri olan Fobos və Deymosun 1877-ci ildə kəşfindən 151 il əvvəl ortaya çıxmışdı.

Yazıçının bu qədər əvvəl belə bir ehtimalı təsvir etməsi sonradan diqqət çəkən məqamlardan birinə çevrilib. Bunun fövqəltəbii bir hadisə deyil, dövrün astronomik bilikləri və nəzəri mülahizələri ilə bağlı ola biləcəyi düşünülür. Planetlərin hərəkəti, Kepler qanunları və digər göy cisimləri haqqında mövcud məlumatlar bu ehtimalın mümkün izahları sırasında göstərilir.

Yazıçı əslində nəyi tənqid edirdi?

Laqado Böyük Akademiyası sadəcə qəribə ixtiraların nümayiş olunduğu xəyali məkan deyil. Svift bu obraz vasitəsilə dövrünün elmi müəssisələrini və praktik faydası olmayan tədqiqatlara həddindən artıq vəsait ayrılmasını tənqid edirdi.

Əhalinin gündəlik problemləri həllini gözlədiyi halda, nəticəsi qeyri-müəyyən layihələrə böyük resurslar sərf olunması yazıçının əsas iradlarından biri idi. Kitab yazan maşın da bu yanaşmanın nümunəsidir. Üstəlik, mexanizmin yaratdığı ifadələrdən hansının dəyərli olduğuna qərar verən tələbələrin özlərinin də mövzu üzrə kifayət qədər biliyə malik olmaması satiranı daha da gücləndirir.

Aradan üç əsr keçsə də, süni intellektin yaratdığı mətnlərin keyfiyyəti, bu sistemlərin həqiqətən anlayıb-anlamaması və texnologiyalara yatırılan böyük vəsaitlər ətrafında müzakirələr davam edir. Sviftin xəyali maşını məhz bu səbəbdən yenidən diqqət mərkəzinə düşür: əsər texnologiyanın imkanları ilə yanaşı, onun arxasında dayanan bilik, məna və fayda məsələlərini də gündəmə gətirir.

Samir

0