Rusiya ilin sonunadək dizel yanacağının ixracını ayda 3–3,5 milyon tona çatdırmağı planlaşdırır. Bu həcm ABŞ Prezidenti Donald Trampın açıqladığı tədarük planında göstərilən miqdardan dəfələrlə çoxdur.
HİT.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib. Məlumatı “Reuters” agentliyi yayıb.
Novakın sözlərinə görə, ixracın artırılması Rusiyaya böhrandan əvvəlki göstəricilərə qayıtmağa imkan verə bilər. Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları və Moskvanın xaricə satışla bağlı tətbiq etdiyi məhdudiyyətlər son dövrlərdə dizel ixracının kəskin azalmasına səbəb olub. Hücumlardan əvvəl Rusiya ayda 3 milyon tondan çox dizel yanacağı ixrac edirdi.
Bununla belə, ixrac qadağasına baxmayaraq, Rusiya hökumətlərarası razılaşmalar çərçivəsində, əsasən Mərkəzi Asiya ölkələrinə yanacaq tədarükünü davam etdirib. Sənaye mənbələrinin məlumatına görə, sentyabrda bu istiqamətdə ixrac 427 min ton təşkil edib.
Novak həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trampla əldə olunan razılaşma dünya bazarında dizel yanacağının tələb və təklif balansına müsbət təsir göstərib. Onun iddiasına görə, dünya bazarlarında dizelin qiyməti təxminən 5–6 faiz azalıb.
Rusiya baş nazirinin müavini 2022-ci ildən indiyədək Avropa İttifaqına enerji resurslarının satışından əldə olunan gəlirlə bağlı ABŞ-ın qiymətləndirməsini də şərh edib. O, bu məbləğin 250 milyard dollar deyil, 320,7 milyard dollar olduğunu bildirib.
Xatırladaq ki, oktyabrın 9-da Donald Tramp Rusiyanın dünya bazarlarına dizel yanacağı tədarük etməyə razılaşdığını açıqlamışdı. ABŞ administrasiyası da Rusiya yanacağına tətbiq edilmiş bəzi sanksiyaları müvəqqəti olaraq yumşaldıb. Trampın sözlərinə görə, ilkin mərhələdə dünya və ABŞ bazarlarına 300 min tondan çox yanacaq göndərilməli, noyabrda isə əlavə tədarüklər həyata keçirilməlidir.
Rusiya ilə ABŞ arasında yanacaq tədarükünə dair razılaşma Ukraynada və Qərbin bəzi siyasi dairələrində narazılıq yaradıb. ABŞ-ın hər iki partiyasından olan bir qrup senator administrasiyanı qərarı ləğv etməyə çağıraraq, bu addımın Moskvanın maliyyə imkanlarını gücləndirə biləcəyini bildirib.
Samir


