Argentinada məşhur şəlalələr bağlandı: Güclü El-Nino təhlükə yaratdı

DÜNYA
17:51 / 13.10.2026
50

Argentinada güclü yağışlar və suyun səviyyəsinin kəskin yüksəlməsi səbəbindən məşhur İquasu şəlalələrinə turistlərin girişi müvəqqəti məhdudlaşdırılıb. Səlahiyyətli qurumlar çayın məcrasından çıxması və daşqın təhlükəsi ilə bağlı ehtiyat tədbirləri görüblər.

HİT.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, bazar ertəsi İquasu çayında su sərfi saniyədə 12 min kubmetri ötüb. Bu, orta göstəricidən altı dəfədən çoxdur. Milli parkın administrasiyası fasiləsiz yağıntıları və çayın yuxarı axınındakı su anbarlarından su buraxılışının azalmamasını nəzərə alaraq ziyarətçilərin girişini məhdudlaşdırıb.

Milli parkın direktoru Xose Mariya Ervas bildirib ki, təhlükəsizlik səbəbindən belə qərar qəbul etmək zərurəti yaranıb. Sonradan suyun səviyyəsinin tədricən aşağı düşməsi ilə əlaqədar ərazinin çərşənbə axşamı yenidən turistlər üçün açılacağı açıqlanıb.

UNESCO tərəfindən dünyanın ən böyük və möhtəşəm şəlalə sistemlərindən biri kimi tanınan İquasu Argentina ilə Braziliyanın sərhədində yerləşir və təxminən 2,7 kilometr boyunca uzanır. Ərazidə 2023 və 2024-cü illərdə də El-Ninonun təsiri ilə yaranan daşqınlar səbəbindən oxşar məhdudiyyətlər tətbiq edilib.

Meteoroloqlar 2026–2027-ci illərdə müşahidə edilən El-Nino hadisəsinin rekord gücə çata biləcəyini proqnozlaşdırırlar. Sakit okeanın ekvatorial hissəsində yaranan bu iqlim hadisəsi küləklərin istiqamətini və yağıntı rejimini dəyişdirərək dünyanın müxtəlif bölgələrində qeyri-sabit hava şəraitinə səbəb olur. Alimlər insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmənin də bu cür iqlim proseslərinin təsirlərini gücləndirə biləcəyini bildirirlər.

Samir
 

0