Uitkoff Ukrayna ilə danışıqları yarımçıq qoyaraq Trampın Putinlə söhbətinə qoşulub

DÜNYA
14:12 / 13.10.2026
56

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff oktyabrın 9-da Mayamidə Ukrayna və Avropa nümayəndələri ilə danışıqlar davam edərkən Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına qoşulub. Avropalı rəsmilər bu hadisədən sonra Vaşinqtonla Moskva arasındakı təmasların ABŞ-ın ictimaiyyətə açıqladığından daha geniş ola biləcəyi qənaətinə gəliblər.

HİT.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, danışıqlar Uitkoffa məxsus qolf klubunda keçirilib və təxminən altı saat davam edib. Görüşdə Ukraynanın Avropa İttifaqına üzvlüyü və ərazilərə nəzarət məsələləri də daxil olmaqla, gələcək sülh danışıqları üçün həllini gözləyən mövzular müzakirə olunub. İki mənbənin bildirdiyinə görə, görüşün müəyyən mərhələsində Uitkoff otaqdan çıxaraq Trampın Putinlə telefon danışığına qoşulub.

Danışıqlarda Ukrayna nümayəndə heyətinin üç üzvü, Böyük Britaniya, Almaniya və Fransanın milli təhlükəsizlik məsələləri üzrə müşavirləri, eləcə də Avropa İttifaqı və NATO-nun yüksək vəzifəli rəsmiləri iştirak ediblər.

“The New York Times” yazır ki, görüş iştirakçıları Tramp və Putin arasında dizel yanacağının tədarükü ilə bağlı razılaşma barədə açıqlamadan təəccübləniblər. Avropa İttifaqının yüksək vəzifəli rəsmisi Byörn Zaybert daha sonra avropalı səfirlərə görüş barədə məlumat verib.

Mənbələrin sözlərinə görə, Zaybertin əsas qənaətlərindən biri ABŞ-ın Rusiya ilə ictimaiyyətə açıqlanandan daha intensiv əlaqə saxlaması olub. Bununla belə, o, Vaşinqtonla Moskva arasındakı təmasların konkret miqyası və xarakteri barədə əlavə təfərrüat açıqlamayıb.

ABŞ Ukraynanın Rusiya neftayırma zavodlarına hücumlarını dayandırmasını istəyir

Görüşdə Ukraynanın Rusiyanın neftayırma zavodlarına endirdiyi zərbələr də müzakirə olunub. Məlumata görə, Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna və Avropa rəsmilərinə bildiriblər ki, Vaşinqton artıq Kiyevə ciddi dəstək göstərir və Ukraynanın hücumları dayandırması üçün əlavə güzəştlərə getməli deyil.

Bu mövqe Ukrayna tərəfinin hücumların dayandırılması müqabilində Kiyevin nə əldə edəcəyi ilə bağlı sualına cavab olaraq səsləndirilib. ABŞ nümayəndələri Ukraynaya göstərilən kəşfiyyat dəstəyini də xatırladıblar.

İki mənbənin sözlərinə görə, görüşün bəzi iştirakçıları bu cavabı gizli təhdid kimi qəbul ediblər. ABŞ rəsmilərindən biri isə Vaşinqtonun kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələdiyini təkzib edib. Bununla yanaşı, o, Trampın Ukraynaya qarşı qəzəbinin artdığını və prezidentin hansı addımı ata biləcəyini əvvəlcədən söyləməyin çətin olduğunu bildirib.

Xatırladaq ki, bundan əvvəl “Axios” ABŞ rəsmilərinin Ukraynanın Rusiya neftayırma zavodlarına hücumları dayandırmayacağı təqdirdə Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələdiyini yazmışdı. “Financial Times” isə Vaşinqtonun Ukraynaya Amerika silahlarının tədarükü mexanizmini dayandıra biləcəyi barədə məlumat yaymışdı.

Mayamidə ABŞ, Ukrayna və Avropa nümayəndələrinin görüşlərinin oktyabrın 9-10-da keçirilməsi planlaşdırılsa da, Ukrayna nümayəndə heyəti ilk gündən sonra Kiyevə qayıdıb.

Samir
 

0