İngiltərənin cənub-qərbində, Devon qraflığında yerləşən Fernvorti su anbarının ərazisində Tunc dövrünə aid yaşayış məskəninin qalıqları aşkarlanıb. Yayın isti keçməsi və quraqlıq səbəbindən suyun səviyyəsinin kəskin azalması arxeoloji tapıntıların üzə çıxmasına imkan verib.
Hit.az xəbər verir ki, bu barədə “Independent” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, tədqiqatçılar qədim tikililərin daş bünövrələrini, o cümlədən təxminən 4 min il yaşı olan səkkiz dairəvi evi aşkar ediblər. Arxeoloji sübutlar insanların bu ərazidə ən azı eramızdan əvvəl 2300-cü ildən yaşadığını göstərir.
1942-ci ildə su anbarı yaradılmazdan əvvəl də burada Tunc dövrünə aid saxsı qablar və daha sonrakı dövrlərə məxsus əşyalar tapılmışdı. Ərazinin ətrafında dəfn kurqanları da yerləşir.
Alimlərin qiymətləndirmələrinə görə, yaşayış məskəni təxminən eramızdan əvvəl 1000-ci ilə qədər tərk edilib. Bununla belə, insanlar sonrakı əsrlərdə də ərazidən istifadə etməyə davam ediblər. Tapıntılar arasında 1540-cı ilə aid sikkələr də var. Həmin dövrdə bölgədə qalay hasil edilirdi.
2026-cı ilin yayında uzun sürən isti hava səbəbindən su anbarında suyun səviyyəsi xeyli aşağı düşüb və onun maksimal tutumunun təxminən 30 faizinə çatıb. “Independent” nəşrinin qeyd etdiyi kimi, quraqlıq Böyük Britaniyanın digər su anbarlarına da təsir edib.
Nəşrin məlumatına görə, Ətraf Mühitin Mühafizəsi Agentliyinin nəzarət etdiyi 31 su anbarından və ya su anbarları qrupundan 12-də suyun səviyyəsi tutumun yarısından aşağı olub, səkkizində isə su ehtiyatları son dərəcə aşağı səviyyəyə düşüb.
Ölkədə yay aylarında anomal isti hava hökm sürüb. İyunun sonunda Böyük Britaniyanın cənub-şərqində temperatur 37,3 dərəcəyədək yüksələrək həmin ay üçün rekord həddə çatıb. Avqustda isə termometrlər 38,1 dərəcəni göstərib.
Samir


