Kiyev meri Vitali Kliçko qış mövsümünə hazırlığın uğursuz olması ilə bağlı ona qarşı səsləndirilən ittihamların siyasi məqsəd daşıdığını bildirib. Onun sözlərinə görə, məqsəd mer vəzifəsindən uzaqlaşdırılaraq yerinə hərbi administrasiyanın rəhbərini təyin etməkdir.
HİT.az xəbər verir ki, Kliçkonun açıqlamasını Ukraynanın “Strana.ua” nəşri yayıb.
Mer qış mövsümünə hazırlığın pozulması ilə bağlı ittihamları əsassız adlandırıb. O, istilik mövsümünün hələ başlamadığını xatırladaraq, bu mərhələdə hazırlığın uğursuzluğundan danışmağın düzgün olmadığını vurğulayıb.
Kliçko Kiyevdə elektrik enerjisi ilə bağlı problemlərin səbəbini şəhərə endirilən zərbələrlə əlaqələndirib. O, hərbi administrasiya rəhbərinin hava hücumundan müdafiəyə cavabdeh olmadığını da qeyd edib.
Mer növbəti seçkilərədək vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib. Kliçkonun sözlərinə görə, o, şəhər sakinlərinin səsverməsi nəticəsində bu posta seçilib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl Kiyevdə qışa hazırlıq işlərinin lazımi səviyyədə aparılmadığını bildirmiş, şəhər rəhbərliyini, o cümlədən Kliçkonu tənqid etmişdi. Zelenski hazırlıq tədbirlərinin demək olar ki, tam həcmdə yerinə yetirilmədiyini və işlərin ləngidilməsinin yolverilməz olduğunu vurğulamışdı.
Bundan əvvəl isə Kliçko korrupsiya məsələlərinə görə Zelenskini tənqid edib. Mer belə halların ölkənin müdafiə qabiliyyətinə mənfi təsir göstərdiyini və Qərbin Ukraynaya etimadını zəiflətdiyini bildirib.
Samir


