Alimlər səs dalğalarını udaraq əks-sədanı əhəmiyyətli dərəcədə azaldan yeni qurğu hazırlayıblar. “Səs qara dəliyi” adlandırılan bu konstruksiyanı 3D printerlə çap etmək və mövcud boru sistemlərinə yerləşdirmək mümkündür. Yeni texnologiyanın havalandırma sistemlərində, sənaye qurğularında və səsboğucularda səs-küyün azaldılmasına kömək edəcəyi gözlənilir.
HİT.az xəbər verir ki, bu barədə UNIAN “ScienceAlert” nəşrinə istinadən məlumat yayıb.
Tədqiqat İspaniyanın La Salle Ramon Llull Universitetinin alimləri tərəfindən aparılıb. Ənənəvi sistemlərdən fərqli olaraq, yeni qurğunu borunun daxilində əvvəlcədən quraşdırmağa ehtiyac yoxdur. Onu ayrıca hazırlamaq və mövcud hava kanallarına yerləşdirmək mümkündür.
Layihənin müəlliflərindən biri, akustika mühəndisi Oriol Quash bildirib ki, qurğu səsin borunun sonundan geri qayıtmasının qarşısını almaq üçün nəzərdə tutulub. Adi borularda səs dalğaları səthlərdən əks olunaraq əks-səda yaradır. Yeni konstruksiya isə səs enerjisinin böyük hissəsini udaraq geri qayıdan dalğaların miqdarını azaldır.
Qurğu necə işləyir?
Səs qara dəliyi mərkəzi çubuq üzərində yerləşdirilmiş, diametrləri tədricən dəyişən bir sıra halqalardan ibarətdir. Halqalar arasındakı boşluqlar səs dalğalarının yayılma xüsusiyyətlərini dəyişir. Qurğuya daxil olan səs tədricən yavaşlayır, dalğa uzunluğu qısalır və enerji konstruksiyanın son hissəsində cəmləşir.
Bu zaman səs enerjisinin böyük hissəsi hava ilə qurğunun səthləri arasındakı sürtünmə və istilik mübadiləsi nəticəsində dağılır. Nəticədə səsin əks-səda şəklində geri qayıdan hissəsi azalır.
Tədqiqatçılar qurğunun 15 santimetr uzunluğunda prototipini 3D printerlə hazırlayıblar. Model mərkəzi çubuğa bərkidilmiş 29 halqadan ibarət olub. Daha sonra prototip xüsusi akustik boruda sınaqdan keçirilib. Müxtəlif tezliklərdə səs dalğaları yaradılıb və onların nə qədərinin geri əks olunduğu ölçülüb.
Sınaqların nəticələri kompüter modelləşdirməsinin nəticələri ilə ümumilikdə uyğun gəlib. Bununla belə, alimlər səsin tamamilə yox olmadığını, sadəcə əks olunan səsin əhəmiyyətli dərəcədə azaldığını vurğulayırlar.
Ənənəvi qurğulardan üstünlüyü nədir?
Kompüter modelləşdirməsi yeni konstruksiyanın ənənəvi səs qara dəlikləri ilə müqayisədə daha geniş tezlik diapazonunda işləyə biləcəyini göstərib. Bu xüsusiyyət onun müxtəlif səs-küy mənbələrinə qarşı tətbiq imkanlarını genişləndirə bilər.
Texnologiyanın ilkin tətbiq sahələri arasında havalandırma və kondisioner sistemləri, sənaye hava kanalları və səsboğucular göstərilir. Alimlər gələcəkdə bu prinsipi iki və üçölçülü konstruksiyalarda tətbiq etməyin, həmçinin otaqlardakı akustikanı yaxşılaşdırmaq üçün istifadə etməyin mümkünlüyünü də araşdırırlar.
Bununla belə, qurğunun real şəraitdə geniş istifadəsi üçün əlavə tədqiqatlara ehtiyac var. Toz və digər hissəciklərin boşluqları tutması, temperatur və təzyiq dəyişiklikləri, eləcə də hava axınının təsiri texnologiyanın effektivliyinə təsir göstərə bilər.
Samir


