3400 arını kosmosa göndərdilər: Çəkisizlikdə qurduqları pətəklər alimləri təəccübləndirdi

DÜNYA
15:45 / 14.10.2026
55

1984-cü ildə NASA-nın “Challenger” kosmik gəmisində təxminən 3400 bal arısı kosmosa göndərilib. Bir həftə ərzində çəkisizlik şəraitində mumdan pətək qurmağı bacaran arılar alimləri təəccübləndiriblər. Lakin onların hazırladığı pətəklərin hüceyrələrində qeyri-adi fərqlər müşahidə olunub.

HİT.az xəbər verir ki, bu barədə UNIAN “ECONEWS” nəşrinə istinadən məlumat yayıb.

Qeyri-adi təcrübə amerikalı şagird Den Poskeviç tərəfindən NASA-nın gənclər proqramı çərçivəsində irəli sürülüb. O, arıların cazibə qüvvəsi olmadan pətək qura bilib-bilməyəcəyini və hüceyrələrin ənənəvi altıbucaqlı formasını qoruyub-qorumayacağını öyrənmək istəyib. Təcrübə üçün ana arı ilə birlikdə təxminən 3400 işçi arı şəffaf qapağı və yemləmə sistemi olan xüsusi alüminium konteynerə yerləşdirilib.

Kosmik səyahətin ilk günlərində arılar qeyri-adi şəraitə uyğunlaşmaqda çətinlik çəkiblər. Onlar istiqaməti müəyyənləşdirə bilmir, konteynerin divarlarına çırpılır və səthlərdən yapışmağa çalışırdılar. Bir neçə gündən sonra isə çəkisizlikdə hərəkət etməyi öyrənib, hətta təxminən 25 santimetr uzunluğunda canlı zəncir əmələ gətiriblər.

Bir həftəlik uçuş müddətində arılar mum hazırlayaraq təxminən 200 kvadrat santimetr sahəni əhatə edən pətək qurublar. Kosmik gəmi Yerə qayıtdıqdan sonra ABŞ Kənd Təsərrüfatı Nazirliyinin tədqiqatçıları pətəkləri ətraflı araşdırıblar.

Məlum olub ki, hüceyrələrin divarlarının qalınlığı, dərinliyi və diametri Yer üzündə qurulan pətəklərdən fərqlənmir. Əsas fərq isə hüceyrələrin meyil istiqamətində olub.

Yer üzündə arılar pətək hüceyrələrini adətən bir qədər yuxarıya doğru meyilli qururlar. Bu xüsusiyyət balın axmasının qarşısını almağa və konstruksiyanın möhkəmliyini qorumağa kömək edir. Çəkisizlik şəraitində isə “yuxarı” və “aşağı” anlayışları arılar üçün mənasını itirib. Nəticədə pətəyin bir tərəfindəki hüceyrələr konteynerin qapağına, digər tərəfindəkilər isə əks istiqamətə yönəlib.

Alimlər hesab edirlər ki, arılar pətək qurmaq üçün lazım olan instinktlərini qoruyublar, lakin cazibə qüvvəsinin olmaması onların məkan oriyentasiyasını pozub.

Bununla belə, təcrübənin reproduksiya ilə bağlı hissəsi uğurlu olmayıb. Ana arı kosmosda təxminən 35 yumurta qoysa da, onlardan heç bir sürfə inkişaf etməyib.

Bu tarixi təcrübəyə aid konteyner hazırda Smitson muzeyində saxlanılır. Araşdırma çəkisizliyin həşəratların davranışına və quruculuq instinktlərinə təsirini öyrənmək baxımından maraqlı nümunə hesab olunur.

Samir
 

0