Özündən 10 dəfə ağır ovunu uda bilən nadir balıq görüntüləndi

DÜNYA
18:59 / 14.10.2026
52

Alimlər okeanın dərinliklərində yaşayan və öz çəkisindən dəfələrlə ağır ovunu bütöv şəkildə uda bilən nadir balığı təbii mühitində qeydə alıblar. Cəmi 10–20 santimetr uzunluğunda olan qara udan balıq (Chiasmodon niger) elastik mədəsi və irəli uzana bilən çənəsi sayəsində özündən böyük canlıları da uda bilir.

Qaynarinfo xəbər verir ki, bu barədə UNIAN “ScienceAlert” nəşrinə istinadən məlumat yayıb.

Qeyri-adi balıq Trinidad və Tobaqo adaları yaxınlığında, 1259 metr dərinlikdə aparılan sualtı tədqiqat zamanı aşkarlanıb. Şmidt Okean İnstitutunun uzaqdan idarə olunan sualtı aparatı balığı həddindən artıq şişmiş qarnı ilə qeydə alıb. Mədəsi o qədər dartılmışdı ki, demək olar, şəffaf görünürdü.

Ekspedisiyanın baş elmi əməkdaşı Diva Amon bildirib ki, bu növə vəhşi təbiətdə çox nadir hallarda rast gəlinir. O, təxminən on il əvvəl Meksika körfəzində belə bir balıq görsə də, ikinci dəfə qarşılaşacağını gözləmirmiş.

Alimin sözlərinə görə, qara udan balıq qidanın az olduğu dərin dəniz mühitində yaşamağa uyğunlaşıb. Onun irəli uzana bilən çənəsi və şar kimi genişlənən mədəsi iri ovunu bütöv udmasına imkan verir. Beləliklə, balıq nadir hallarda rast gəlinən qida fürsətindən maksimum yararlana bilir.

Lakin bu strategiyanın təhlükələri də var. Balıq udduğu qidanı kifayət qədər tez həzm edə bilmədikdə, mədədəki qalıqlar çürüməyə başlaya bilər. Bu zaman yaranan qazlar balığın üzə doğru qalxmasına səbəb ola bilər.

Qara udan balığın iri ov udması ilk dəfə qeydə alınmır. 2007-ci ildə Kayman adalarında uzunluğu cəmi 19 santimetr olan ölü balıq aşkarlanmışdı. Onun mədəsində uzunluğu 86 santimetrə çatan ilan skumbriyası var idi. Ovun uzunluğu balığın öz uzunluğundan 4,5 dəfə çox idi.

Tədqiqatçılar yeni görüntülərin xüsusi əhəmiyyət daşıdığını vurğulayırlar. Çünki balıq öz təbii yaşayış mühitində, mədəsi həddindən artıq genişlənmiş vəziyyətdə müşahidə edilib. Bu, dərin okean canlılarının qidalanma üsullarını və sərt şəraitə uyğunlaşmasını daha yaxşı anlamağa kömək edə bilər.

Samir

0