İlanlar daim ayıq və təhlükəyə hazır yırtıcılar kimi tanınsalar da, günün böyük hissəsini yuxuda keçirə bilirlər. Bəzi növlər gündə 16-20 saat yatır. Onların gözləri açıq vəziyyətdə yatması isə hərəkətli göz qapaqlarının olmaması və beynin yuxu zamanı fərqli işləməsi ilə əlaqədardır.
HİT.az xəbər verir ki, bu barədə “Futura Sciences” nəşri məlumat yayıb.
Məlumata görə, bəbir ilanı (*Zamenis situla*) və Ramsi pitonu (*Aspidites ramsayi*) həyatlarının təxminən 80 faizini yuxuda keçirə bilən növlərdəndir. Bu, tənbəllik əlaməti deyil, sürünənlərin fizioloji xüsusiyyətləri və enerjiyə qənaət etmə mexanizmi ilə bağlıdır.
İlanlar soyuqqanlı, daha dəqiq desək, ektoterm heyvanlardır. Onların bədən temperaturu ətraf mühitdən asılıdır. Buna görə də enerji ehtiyatlarını qorumaq üçün uzun müddət hərəkətsiz qala bilirlər. Xüsusilə iri ovunu udduqdan sonra həzm prosesi intensivləşir və orqanizmin enerji tələbatı artır. Bu müddətdə ilanlar adətən gizlənərək dincəlirlər.
İlanların aktivlik vaxtı da növdən asılı olaraq dəyişir. Gündüz yaşayan növlər səhər isinərək gün ərzində ov edir, gecə yaşayanlar isə əsasən qaranlıq düşəndən sonra fəallaşırlar. Mülayim iqlimdə temperatur aşağı düşəndə bəzi ilanlar qış yuxusuna bənzər uzunmüddətli passivlik vəziyyətinə keçir və isti hava qayıdana qədər sığınacaqlarda qalırlar.
İlanların gözləri açıq yatmasının əsas səbəbi onların hərəkətli göz qapaqlarına malik olmamasıdır. Gözləri şəffaf qoruyucu təbəqə ilə örtülür və bu təbəqə yuxu zamanı da yerində qalır. Lakin gözlərin açıq olması onların ətrafı daim izlədiyi demək deyil.
Alimlərin izahına görə, yuxu zamanı ilanların xarici qıcıqlara reaksiyası zəifləyir və beyin duyğu orqanlarından gələn siqnalları əvvəlki kimi emal etmir. Tədqiqatçılar kral pitonunda (*Python regius*) hətta işıqlı şəraitdə də istirahətə uyğun beyin dalğaları qeydə alıblar. Bu, işığın gözə düşməsinə baxmayaraq, beynin yuxu vəziyyətində qala bildiyini göstərir.
Samir


