Milonun qeyri-adi səyahəti: O, 10 il ərzində 54 000 kilometr üzüb

DÜNYA
21:57 / 14.10.2026
79

Milo adlı köpəkbalığı təxminən 10 il ərzində 54 min 700 kilometr məsafə qət edərək tədqiqatçıların qeydə aldığı ən uzun köpəkbalığı hərəkətliliyi göstəricilərindən birinə imza atıb. Təxminən 8 metr uzunluğunda olan erkək köpəkbalığı Karib dənizi, Meksika körfəzi və Atlantik okeanı boyunca hərəkət edib. Alimlərin diqqətini çəkən əsas məqam isə onun uzun səfərlərdən sonra hər il eyni əraziyə qayıtmasıdır.

HİT.az xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.

Milo 2017-ci ildən etibarən dəniz mühafizəsi üzrə mütəxəssis Qay Harvinin təsis etdiyi fond və Nova Cənub-Şərq Universitetinin Qay Harvi Tədqiqat İnstitutu tərəfindən izlənilir. Bu müddət ərzində köpəkbalığına beş dəfə izləmə cihazı yerləşdirilib və toplanan məlumatlar onun hərəkət marşrutunu öyrənməyə imkan verib.

Milonun marşrutu illər üzrə dəyişib. 2018-ci ildə o, Bermud adalarından xeyli uzaqlaşaraq Atlantik okeanının açıq sularına üz tutub. 2020-ci ildə isə şimala doğru hərəkət edərək Nyu-Yorku keçib və Massaçusets sahillərinə qədər çatıb. 2019, 2021 və 2022-ci illərdə əsasən Meksika körfəzi istiqamətində hərəkət edib, Missisipi və Luiziana sahillərindən keçərək Texas sularına qədər üzərək yenidən Meksikaya qayıdıb.

Hər il eyni bölgəyə qayıdır

Milonun səfərlərində ən maraqlı məqamlardan biri onun Meksikadakı Yukatan yarımadası yaxınlığındakı sulara müntəzəm qayıtmasıdır. Kankun şəhərinin şimalında yerləşən bu ərazi köpəkbalıqlarının mövsümi olaraq böyük qruplar halında toplandığı əsas məkanlardan biridir.

2009-cu ildə aparılan hava müşahidəsi zamanı təxminən 18 kvadratkilometrlik ərazidə 420 köpəkbalığı qeydə alınıb. Alimlər bu sıxlığın əsas səbəbini bölgədə qida ehtiyatlarının zəngin olması ilə əlaqələndirirlər. Zooplankton, xırda xərçəngkimilər və balıq kürüsü ilə qidalanan bu nəhəng canlılar həmin sularda uzun müddət qala bilirlər.

Köpəkbalıqlarını bədənlərindəki ləkələrdən tanıyırlar

Tədqiqatçılar Milonu yalnız izləmə cihazları vasitəsilə müəyyən etmirlər. köpəkbalıqlarının bədənindəki ağ ləkələr hər fərd üçün özünəməxsus naxış yaradır. Bu naxışlar insanın barmaq izləri kimi fərdləri bir-birindən ayırmağa və eyni köpəkbalığını illər sonra yenidən tanımağa imkan verir.

Qay Harvi Tədqiqat İnstitutunun direktoru, doktor Mahmud Şivcinin sözlərinə görə, toplanan məlumatlar köpəkbalıqlarının müxtəlif dəniz mühitlərinə uyğunlaşmaq qabiliyyətini daha yaxşı anlamağa kömək edir. Bu canlılar həm okeanın açıq və dərin sularında, həm də sahilə yaxın dayaz ərazilərdə yaşaya bilirlər.

Meksika sahillərində köpəkbalıqlarının sayında ötən il müşahidə olunan azalmadan sonra bu il artım qeydə alınıb. Bununla belə, alimlər say göstəricilərindəki dəyişikliklərin dəniz ekosistemlərinin həssaslığını göstərdiyini vurğulayırlar.

Milonun uzunmüddətli izlənməsi nəticəsində əldə edilən məlumatların köpəkbalıqlarının miqrasiya yollarını, qidalanma sahələrini və qorunması vacib olan yaşayış məkanlarını daha dəqiq müəyyənləşdirməyə kömək edəcəyi gözlənilir.

Samir

0