1980-ci illərdə Puerto-Riko sahillərində, okeanın 500 metr dərinliyindən çıxarılan 32,2 santimetr uzunluğundakı nəhəng xərçəngkimilərin yeni növünə aid olduğu müəyyənləşdirilib. Dörd onillikdən çox müddət ərzində başqa bir növ kimi qeydə alınan nümunənin əsl kimliyi müasir üçölçülü görüntüləmə texnologiyası vasitəsilə üzə çıxarılıb.
HİT.az xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.
Nümunə vaxtilə alman paleontoloq Dolf Zaylaxer tərəfindən araşdırılıb və Bathynomus giganteus növünə aid edilib. Lakin Tübingen Universitetinin tədqiqatçıları kolleksiyada saxlanılan canlı üzərində apardıqları ətraflı araşdırma nəticəsində onun əvvəllər elmə məlum olmayan növ olduğunu müəyyən ediblər.
Paleontologiya tələbəsi Benedikt Kästle və kolleksiya kuratoru İnqmar Verneburq yeni növə Bathynomus tuebingoborikensis adını veriblər.
Təsbeh böcəklərinin nəhəng qohumları
İlk baxışdan iri həşəratı xatırladan bu canlılar əslində xərçəngkimilər qrupuna daxildir və quruda yaşayan təsbeh böcəkləri ilə eyni dəstədə yer alırlar. Lakin ölçülərinə görə onlardan xeyli fərqlənirlər. Qurudakı qohumları adətən 10-15 millimetr uzunluğunda olduğu halda, dərin dənizdə yaşayan nəhəng izopodlar 50 santimetrədək böyüyə bilir. Bəzi fərdlərin çəkisi 2,6 kiloqrama çatır.
Bu canlılar 2500 metrədək dərinlikdə yaşaya bilir. Onların möhkəm xarici skeleti dərin dənizin çətin şəraitində bədəni qorumağa kömək edir.
Tədqiqatçılar yeni növün Yukatan yarımadası yaxınlığında yaşayan başqa bir nəhəng izopodla yaxın qohum olduğunu bildirirlər. Alimlərin fikrincə, Bathynomus cinsinin tarixi təxminən 15 milyon il əvvələ, Miosen dövründəki Meksika körfəzinə gedib çıxır. Həmin dövrdə Şimali və Cənubi Amerika arasında dəniz keçidi mövcud idi və bu, canlıların müxtəlif ərazilərə yayılmasına şərait yaradırdı.
Yeni növün sirri necə açıldı?
Araşdırmada mikrokompüter tomoqrafiyası texnologiyasından istifadə edilib. Bu üsul nümunənin daxili anatomik quruluşunu üçölçülü formada araşdırmağa imkan verib. Xüsusilə ağız hissəsinin detallı görüntülənməsi canlı ilə əvvəllər məlum olan növlər arasındakı fərqlərin müəyyənləşdirilməsində mühüm rol oynayıb.
“Scientific Reports” jurnalında dərc olunan tədqiqat göstərir ki, muzey kolleksiyalarında uzun illər saxlanılan nümunələr müasir texnologiyalar vasitəsilə yenidən araşdırıldıqda elm üçün yeni məlumatlar ortaya çıxara bilər.
Yeni növün adı da onun tarixini əks etdirir. Tədqiqatçılar adlandırmada nümunənin saxlanıldığı Tübingen şəhərinin adını Puerto-Rikonun yerli tayno dilindəki adı olan Boríken ilə birləşdiriblər. Beləliklə, onilliklər ərzində yanlış təsnif edilən canlı həm tapıldığı Karib bölgəsi, həm də qorunub saxlanıldığı elmi kolleksiya ilə əlaqəli ad qazanıb.
Samir


