Svetoforlarda ənənəvi qırmızı, sarı və yaşıl işıqlarla yanaşı, dördüncü – ağ siqnalın tətbiqi təklif olunur. Bu yenilik avtonom avtomobillərin hərəkətini əlaqələndirməyə, kəsişmələrdə gözləmə müddətini azaltmağa və tıxacların qarşısını almağa kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Gazeta.pl” portalı yazıb.
ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin tədqiqatçıları tərəfindən irəli sürülən konsepsiyaya əsasən, ağ işıq kəsişmədə hərəkəti koordinasiya edə bilən avtonom nəqliyyat vasitələrinin sayı kifayət etdikdə aktivləşəcək. Belə avtomobillər bir-biri ilə məlumat mübadiləsi apararaq mövqelərini, sürətlərini və hərəkət istiqamətlərini nəzərə alacaq, kəsişmədən keçmə ardıcıllığını müəyyənləşdirəcəklər.
Adi avtomobillərin sürücüləri üçün ağ siqnal hərəkətin avtonom nəqliyyat vasitələri tərəfindən əlaqələndirildiyini bildirəcək. Bu zaman sürücülərə qarşıdakı avtomobilin hərəkətini izləmək tövsiyə olunur: nəqliyyat vasitəsi irəliləyirsə, hərəkəti davam etdirmək, dayanırsa, gözləmək lazımdır. Digər hallarda isə mövcud svetofor siqnalları qüvvədə qalacaq.
Tədqiqatçılar təklif olunan sistemi kompüter modelləşdirməsi vasitəsilə sınaqdan keçiriblər. Nəticələrə görə, müəyyən şəraitdə kəsişmələrdə gözləmə müddəti 90 faizdən çox azala bilər. Bununla belə, nəticə yollardakı sıxlıqdan və avtonom avtomobillərin sayından asılıdır. Bu göstəricinin bütün yol şəraitində eyni nəticəni verəcəyinə zəmanət yoxdur.
Yeni sistemin tətbiqi üçün svetoforların avtomobillərlə məlumat mübadiləsi aparmasını təmin edən texnologiyalar quraşdırılmalı, yol infrastrukturu yenilənməlidir. Bu isə əlavə maliyyə vəsaiti tələb edəcək. Bundan başqa, sürücülərin yeni siqnalın mənasını düzgün anlaması üçün müvafiq qaydaların hazırlanması və sistemin real yollarda sınaqdan keçirilməsi vacibdir.
Hazırda ağ işıq svetoforlarda tətbiq edilən rəsmi siqnal deyil, elmi konsepsiya olaraq qalır. Onun gələcəkdə istifadəyə verilməsi avtonom nəqliyyatın inkişafından və yol infrastrukturunun texnoloji yenilənməsindən asılı olacaq.
Samir


