Ukrayna Rusiya dronlarının zərbələrini süni intellektlə proqnozlaşdıracaq

DÜNYA
10:27 / 15.10.2026
63

Ukrayna ordusu Rusiya pilotsuz uçuş aparatlarının hücumlarını əvvəlcədən müəyyənləşdirmək üçün NATO ilə birgə hazırlanmış süni intellekt modelindən istifadə etməyə hazırlaşır. Yeni texnologiya mümkün zərbələrin vaxtını, yerini, intensivliyini və istifadə ediləcək dronun növünü proqnozlaşdıra biləcək.

HİT.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri Ukrayna Müdafiə Nazirliyinin məlumatlarına istinadən yazıb.

“Model №13” adlandırılan sistem əvvəlki döyüşlərə dair məlumatları, hava şəraitini və cəbhədəki vəziyyəti təhlil edərək Rusiya qüvvələrinin dronlardan necə istifadə edə biləcəyini yüksək ehtimalla müəyyənləşdirməyə çalışır. Müdafiə Nazirliyinin bildirdiyinə görə, model real məlumatlar əsasında sınaqdan keçirilib, təkmilləşdirilib və Ukrayna Silahlı Qüvvələrinin situasiya məlumatlılığı sistemlərinə inteqrasiya olunmağa hazırdır.

Model Ukrayna hərbçiləri tərəfindən NATO-nun Transformasiya Komandanlığı ilə birgə hazırlanıb. Layihəyə Alyansın Birgə Təhlil, Təlim və Təhsil Mərkəzi də dəstək verib.

Bundan başqa, Ukrayna tərəfi artilleriyanın yerləşdirilməsini planlaşdırmaq üçün “Model №32” adlı daha bir süni intellekt sistemi üzərində işləyir. Hazırda onun prototipi sınaqdan keçirilir.

“Business Insider”in məlumatına görə, yeni modelin Ukraynanın DELTA döyüş idarəetmə sisteminə inteqrasiya edilməsi mümkündür. Bu platforma dronlardan, kameralardan və cəbhədən daxil olan hesabatlardan toplanan kəşfiyyat məlumatlarını birləşdirir. Sistemdə istifadə olunan “Vezha” adlı süni intellekt modulu isə peyk görüntülərini, dron videolarını və radio siqnallarını təhlil edərək Rusiya hərbi texnikasını avtomatik aşkarlaya bilir.

Samir

0