The Telegraph: ABŞ-nin Starlink məhdudiyyətləri Ukraynaya ağır zərbə vurub

DÜNYA
15:35 / 15.10.2026
56

ABŞ-nin Starlink peyk rabitəsi sistemində tətbiq etdiyi məhdudiyyətlər Ukrayna ordusunun pilotsuz uçuş aparatlarından istifadəsinə ciddi təsir göstərib. 

HİT.az xəbər verir ki, “The Telegraph” nəşrinin köşə yazarı Memfis Barkerin fikrincə, bu addım Kiyevin hərbi imkanlarını zəiflətməklə yanaşı, Rusiyanın işğal altındakı ərazilərdə qüvvələrini və təchizatını daha az risklə gücləndirməsinə şərait yarada bilər.

Müəllifin yazdığına görə, StarShield proqramı çərçivəsində Ukrayna dronlarının daha yüksək sürətlə uçmasına imkan verən funksiyalara məhdudiyyət qoyulması qərarı Vaşinqtonda qəbul edilib. Söhbət SpaceX şirkətinin təsisçisi İlon Maskın müstəqil qərarından deyil, ABŞ hökumətinin nəzarətində olan sistemdən gedir. Məhdudiyyətlər nəticəsində Ukraynanın bəzi pilotsuz aparatları əvvəlki kimi effektiv istifadə edilə bilmir və Rusiya qüvvələri üçün daha asan hədəfə çevrilir.

Barkerin sözlərinə görə, məhdudiyyətlərin təsiri xüsusilə Rusiya ərazisinin 400 kilometrədək dərinliyində yerləşən hədəflərə zərbələr zamanı hiss oluna bilər. Ukrayna ordusu düşmənin logistika obyektlərini, dron buraxılış məntəqələrini və hərbi qüvvələrin cəmləşdiyi əraziləri vurmaqda çətinliklərlə üzləşə bilər. Bununla belə, radio siqnalları ilə idarə olunan FPV dronlarının fəaliyyətini davam etdirdiyi bildirilir.

Məqalədə qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın Ukraynaya təzyiqi artırmaq üçün daha sərt addımlar atması, o cümlədən kəşfiyyat məlumatlarının ötürülməsini dayandırması ehtimalı da istisna edilmir. Həmçinin Starlink xidmətinə çıxışın tamamilə məhdudlaşdırılması riski mövcuddur. Müəllif bu ssenarinin Ukraynanın hava hücumundan müdafiə imkanlarına da mənfi təsir göstərə biləcəyini vurğulayır. Çünki Ukrayna Rusiyanın “Geran” tipli hücum dronlarını zərərsizləşdirmək üçün ələkeçirici pilotsuz aparatlarından istifadə edir.

Məqalədə Starlink-ə alternativ kimi Avropanın OneWeb layihəsi və “Amazon”un peyk rabitəsi sistemi göstərilsə də, hazırda bu sistemlərin etibarlılıq, dəqiqlik və qiymət baxımından Starlink-lə rəqabət aparmasının çətin olduğu bildirilir. RUSI analitik mərkəzinin rabitə və radioelektron müharibə üzrə eksperti Tomas Vistinqton isə Starlink-in böyük həcmdə məlumat ötürmək imkanının Ukrayna komandanlığına döyüş meydanındakı vəziyyəti daha yaxşı qiymətləndirməyə kömək etdiyini qeyd edib.

Barker hesab edir ki, məhdudiyyətlərdən ən çox faydalanan tərəf Rusiya Prezidenti Vladimir Putin ola bilər. Onun fikrincə, bu addımlar Ukraynanın hərbi imkanlarını zəiflətməklə yanaşı, ABŞ texnologiyalarından asılılığın risklərini də üzə çıxarır. Müəllif vurğulayır ki, yaranmış vəziyyət Ukrayna və Avropa ölkələrini müdafiə və rabitə sahəsində alternativ sistemlərin yaradılmasını sürətləndirməyə sövq edə bilər.

Xatırladaq ki, oktyabrın 14-nə keçən gecə Ukraynada hərəkət zamanı Starlink terminallarının işləmə sürətinə məhdudiyyətlər tətbiq edildiyi bildirilib. Bundan sonra Ukrayna üçün Starlink xidmətlərini maliyyələşdirən Polşa tərəfi yaranmış vəziyyətlə bağlı narazılığını ifadə edib. ABŞ administrasiyası isə Ukrayna ərazisində Starlink-in işində yaranan problemlərlə əlaqəsinin olmadığını açıqlayıb.

Samir

0