Amerikalı milyarder və “SpaceX” şirkətinin qurucusu İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskini yenidən istefaya çağırıb. O, Ukraynada müharibənin davam etməsi ilə bağlı müzakirələrə qoşularaq Zelenskinin vəzifədən getməli olduğunu bildirib.
HİT.az xəbər verir ki, Mask bu barədə özünün “X” sosial şəbəkəsində paylaşım edib.
Milyarder başqa bir istifadəçinin Zelenskinin gələcək seçkilərdə məğlub olmaqdan və ona qarşı cinayət işinin açılmasından ehtiyat etdiyi üçün müharibəni bitirmək istəmədiyi barədə iddialarına münasibət bildirib. Mask həmin paylaşımın altında “Bu qırğın belə davam edir. Zelenskinin getməyinin vaxtıdır” ifadəsini yazıb.
Bu, Maskın Ukraynada prezident seçkilərinin keçirilməsi və Zelenskinin vəzifədən getməsi ilə bağlı ilk açıqlaması deyil. O, ötən həftənin sonunda ABŞ Prezidenti Donald Trampın Ukraynada seçkilərin keçirilməsi ilə bağlı çağırışına da dəstək verərək Zelenskinin “həddini aşdığını” bildirmişdi.
Xatırladaq ki, Tramp daha əvvəl Ukraynada seçkilərin keçirilməsinin vacibliyini vurğulayaraq, ölkəyə Rusiya ilə razılaşma əldə edə biləcək yeni liderin lazım olduğunu iddia edib. Zelenski isə ABŞ-nin Rusiya ilə 60 günlük atəşkəs barədə razılığa gələcəyi təqdirdə seçkilərin keçirilməsinə hazır olduğunu açıqlayıb. O, əsas problemlərdən birinin təhlükəsizlik məsələsi olduğunu bildirib.
Ukrayna prezidenti həmçinin nə Maskın, nə Trampın, nə də başqa bir şəxsin Ukrayna prezidentini seçmək hüququna malik olduğunu, bu qərarın yalnız Ukrayna xalqına aid olduğunu vurğulayıb. Zelenski istefaya getməyi planlaşdırmadığını da bəyan edib.
Samir


