Almaniyanın bir bölgəsindən Ukraynaya hərbi yardımı dayandırmaq çağırışı

DÜNYA
17:38 / 15.10.2026
60

Almaniyanın Saksoniya-Anhalt federal torpağının parlamenti Ukraynaya hərbi yardımın dayandırılması və Rusiyaya qarşı iqtisadi sanksiyaların ləğvini nəzərdə tutan qətnamə qəbul edib. Sənəddə Kiyevə yalnız humanitar yardımın göstərilməsi, Moskva ilə münasibətlərin normallaşdırılması və münaqişənin diplomatik yollarla həlli çağırışı yer alıb.

HİT.az xəbər verir ki, qətnamə oktyabrın 14-də yerli parlamentdə müzakirəyə çıxarılıb. Təşəbbüs ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası və sol-populist “BSW” alyansı tərəfindən irəli sürülüb.

Sənəddə Rusiyaya qarşı iqtisadi məhdudiyyətlərin dərhal ləğvi, Ukraynaya humanitar yardımdan kənar maliyyə dəstəyinin dayandırılması və silah tədarükünə son qoyulması tələb olunur. Qətnamə müəlliflərinin fikrincə, hərbi yardımlar müharibənin uzanmasına və münaqişənin daha geniş ərazilərə yayılması riskinin artmasına səbəb olur.

Təşəbbüsdə Ukraynanın gələcək sülh nizamlanmasının bir hissəsi kimi neytral status alması da təklif edilir. Bundan başqa, Saksoniya-Anhalt hökumətinə bu tələblərin Almaniyanın federal torpaqlarını təmsil edən Bundesratda irəli sürülməsi üçün siyasi imkanlardan istifadə etmək çağırışı edilib.

Qətnaməni AfD və BSW deputatları dəstəkləyib. Xristian-Demokrat İttifaqı (XDİ), Almaniya Sosial-Demokrat Partiyası (ASDP), “Yaşıllar” və Sol Partiyanın nümayəndələri isə sənədin əleyhinə səs veriblər.

Qeyd edək ki, bu təşəbbüs Almaniyanın ümumi dövlət siyasətində qəbul edilmiş qərarla eyni deyil. Söhbət ölkənin federal torpaqlarından birinin parlamentində irəli sürülən siyasi mövqedən gedir.

Samir
 

0