ABŞ Avropaya Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini açmağı təklif etdi

DÜNYA
18:00 / 15.10.2026
57

ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra dondurulmuş suveren aktivlərinin bir hissəsinin sərbəstləşdirilməsi ilə bağlı Avropa ölkələrinə təklif irəli sürüb. Vaşinqtonun təşəbbüsünün məqsədinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə sülh danışıqlarının bərpasına kömək etmək olduğu bildirilir.

HİT.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri “Reuters”ə istinadən məlumat yayıb.

Məlumata görə, təklifi ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner təqdim ediblər. Plan çərçivəsində sərbəstləşdiriləcək vəsaitlərin Vaşinqtonun nəzarətində olan strukturun idarəçiliyinə verilməsi nəzərdə tutulur.

Nəşrin mənbələrinin bildirdiyinə görə, təşəbbüsün sülh danışıqlarının yenidən başlamasına şərait yaradacağı düşünülür. Bununla belə, məlumatda Avropa rəsmilərinin ABŞ-nin təklifini rədd etdiyi qeyd olunur.

Xatırladaq ki, Tramp administrasiyası Rusiyaya qarşı bəzi sanksiyaların yumşaldılması imkanlarını da nəzərdən keçirir. “Reuters”in məlumatına görə, ABŞ rəsmiləri Rusiya, İran və Venesueladan neft və neft məhsulları daşıyan “kölgə donanması”na daxil olan gəmilərə tətbiq edilmiş məhdudiyyətlərin yumşaldılmasını müzakirə edirlər. Bu addımın məqsədi qlobal dəniz daşımaları üzrə rekord həddə çatan fraxt qiymətlərini azaltmaqdır.

Samir

0