Sərçələri elektrik vurmur, leyləklər isə niyə naqillərdə tələf olur?

DÜNYA
19:19 / 16.10.2026
57

Elektrik xətləri quşlar üçün ciddi təhlükə mənbəyidir. Sərçələr və qaranquşlar naqillərin üzərində təhlükəsiz şəkildə dayana bildikləri halda, leyləklər, qartallar və digər iri quşlar elektrik cərəyanından ölə bilərlər. Bunun əsas səbəbi quşların ölçüsü və elektrik dövrəsini qapadıb-qapamamasıdır.

HİT.az-ın “Interia Zielona” nəşrinə istinadən verdiyi məlumata görə, Poznan Təbiət Elmləri Universitetinin professoru Pyotr Tryanovski leyləklər üçün ən böyük təhlükələrdən birinin yuva qurduqları ərazilərin yaxınlığındakı elektrik dirəkləri olduğunu bildirib.

Leyləklər ənənəvi yuva yerləri əvəzinə tez-tez elektrik xətlərinin dayaqlarında yuva qururlar. Belə dayaqlarda xüsusi qoruyucu qurğular olmadıqda, quşların elektrik cərəyanına məruz qalma riski artır.

Bəs sərçələri niyə elektrik vurmur?

Professorun izahına görə, kiçik quşların hər iki ayağı adətən eyni naqilin üzərində olur. Bu zaman onların bədənindən elektrik cərəyanının keçməsi üçün zəruri olan dövrə yaranmır. Elektrik vurması, əsasən, quş eyni anda müxtəlif elektrik potensialına malik iki nöqtəyə toxunduqda baş verir.

İri quşlar qanadlarının və ayaqlarının məsafəsinə görə eyni vaxtda bir neçə naqilə və ya naqillə başqa keçirici hissəyə toxuna bilirlər. Bu isə elektrik dövrəsinin qapanmasına və cərəyanın bədəndən keçməsinə səbəb ola bilər.

Bununla belə, kiçik quşlar üçün də təhlükə tamamilə aradan qalxmır. Elektrik xətləri ilə toqquşmalar və cərəyan vurması nəticəsində hər il milyonlarla quş tələf olur.

“PLOS One” jurnalında dərc edilən araşdırmaya əsasən, ABŞ-da hər il elektrik xətləri ilə bağlı hadisələr nəticəsində təxminən 12–64 milyon quş ölür. Onlardan 8–57 milyonu naqillərlə toqquşma, 900 mindən 11,6 milyona qədəri isə elektrik cərəyanı vurması nəticəsində tələf olur.

Samir

0