Misir sahillərində dünyanın yeddi möcüzəsindən birinin təsviri olan üzük tapıldı

DÜNYA
12:58 / 16.10.2026
57

Misirdə sualtı arxeoloji qazıntılar zamanı qədim dünyanın yeddi möcüzəsindən biri sayılan İsgəndəriyyə mayakının təsviri həkk olunmuş tunc üzük aşkarlanıb. Tapıntının mayakın qədim dövrdə necə göründüyünü daha yaxşı anlamağa kömək edəcəyi bildirilir.

HİT.az-ın “Science-et-vie” nəşrinə istinadən verdiyi məlumata görə, üzük İsgəndəriyyənin Böyük Limanında yerləşən, su altında qalmış Antirodos adasında aparılan tədqiqatlar zamanı aşkar edilib. Misir rəsmilərinin bildirdiyinə görə, bu, İsgəndəriyyə mayakının təsvirinin bu tip üzük üzərində aşkar edildiyi ilk məlum haldır.

Tunc üzüyün üzərində bir neçə mərtəbədən ibarət qülləyə bənzəyən tikilinin təsviri həkk olunub. Bu təsvir eramızın II əsrinə aid sikkələrdəki mayak təsvirlərini xatırladır. İndiyədək tikilinin ilkin görünüşü barədə məlumatlar əsasən antik müəlliflərin yazılı qeydlərinə və qədim sikkələr üzərindəki təsvirlərə əsaslanırdı.

Artefakt qədim İsgəndəriyyənin kral məhəlləsində yerləşən Antirodos adasındakı sarayın ərazisində tapılıb. Bu məhəllə Misir hökmdarlarının iqamətgahlarının yerləşdiyi ərazi olub və Kleopatranın dövründə də mühüm əhəmiyyət daşıyıb.

Sualtı qazıntılara rəhbərlik edən Frank Qodionun fikrincə, sarayda mayakın fəaliyyəti ilə əlaqəli inzibati otaqlar da yerləşmiş ola bilər.

İsgəndəriyyə mayakı haqqında nə məlumdur?

İsgəndəriyyə mayakı təxminən eramızdan əvvəl 280-ci ildə, II Ptolemeyin hakimiyyəti dövründə, Misir sahillərindəki Faros adasında inşa edilib. Tikili İsgəndəriyyə limanına yaxınlaşan gəmilər üçün əsas istiqamət göstəricilərindən biri olub. Tarixi qiymətləndirmələrə əsasən, mayakın hündürlüyü 100 metrdən çox olub.

Qədim dünyanın ən mühüm naviqasiya tikililərindən sayılan mayak əsrlər boyu fəaliyyət göstərib. Lakin zəlzələlər nəticəsində tədricən dağılıb. XV əsrin sonlarında Məmlük sultanı Qaytbay dağıntıların daşlarından həmin ərazidə qala tikintisi üçün istifadə edib.

Yeni tapıntı mayakın qədim dövrdə necə təsvir edildiyinə dair əlavə məlumat verir və alimlərə onun tarixi görünüşünü daha dəqiq araşdırmaq imkanı yaradır.

Samir

0