Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün həyati əhəmiyyət daşıyan “Patriot” raketlərinin ehtiyatı kritik həddə düşüb. Rusiya hücumlarının intensivləşməsi fonunda ölkənin arsenalında cəmi bir neçə belə raketin qaldığı bildirilir.
HİT.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Ukraynalı rəsmilərdən biri nəşrə bildirib ki, oktyabrın 7-nə ölkədə cəmi 10 “Patriot” raketi qalmışdı. Həmin raketlər sonrakı hücumlar zamanı istifadə edilib və hazırda ehtiyatda yalnız bir neçə ədəd qalıb.
Ukraynanın hava hücumundan müdafiə sistemlərindəki vəziyyətlə tanış olan digər mənbə də raketlərin tükəndiyini təsdiqləyib. Bu sursatlar Rusiyanın ballistik raketlərinin havada məhv edilməsi üçün xüsusi əhəmiyyət daşıyır.
“Vəziyyət son dərəcə gərgindir. Hər gün günahsız mülki insanlar həlak olur”, – deyə ukraynalı rəsmi bildirib.
CNN də Ukraynanın “Patriot” raketləri ilə bağlı ehtiyatlarının tükəndiyini yazıb. Nəşrin məlumatına görə, sonuncu Rusiya hücumu zamanı ballistik raketlərin demək olar ki, heç biri ələ keçirilə bilməyib. Buna səbəb hava hücumundan müdafiə üçün zəruri sursatın çatışmazlığı olub.
Dünyanın ən tanınmış hava hücumundan müdafiə sistemlərindən sayılan “Patriot” komplekslərinin raket ehtiyatları yalnız Ukraynada deyil, ABŞ-də və digər ölkələrdə də azalır. Ukraynada və Yaxın Şərqdə münaqişələrin intensivləşməsi bu sursatlara tələbatı kəskin artırıb.
ABŞ Prezidenti Donald Trampın administrasiyası yeni raketlərin alınması və istehsalının sürətləndirilməsini prioritet elan edib. Lakin bir ədəd raketin istehsalı 36 aya qədər vaxt apara bilər. Bu isə mövcud çatışmazlığın qısa müddətdə aradan qaldırılmasını çətinləşdirir.
Ukraynaya raket tədarükü NATO-nun PURL proqramı çərçivəsində həyata keçirilir. Bu mexanizmə əsasən, Avropa ölkələri Kiyevə göndərilən silahların alınması üçün Vaşinqtona vəsait ödəyirlər.
NATO-nun yüksək vəzifəli nümayəndəsi cümə axşamı proqramın fəaliyyətini davam etdirdiyini və “Patriot” kompleksləri üçün raketlər də daxil olmaqla hava hücumundan müdafiə sursatlarının Ukraynaya çatdırıldığını bildirib.
Bununla belə, ukraynalı rəsmi tədarüklərin qeyri-sabitliyindən narazılığını ifadə edib.
“May ayından etibarən tədarüklər qeyri-müntəzəm xarakter alıb. İndi heç kim yükün həqiqətən çatacağına əminliklə zəmanət verə bilmir”, – deyə o vurğulayıb.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmaq müqabilində ABŞ-dən “Patriot” raketləri istəyə biləcəyini də bildirib. Bu məsələ Kiyevlə Vaşinqton arasında hərbi yardım və Rusiyaya qarşı strategiya ilə bağlı fikir ayrılıqlarının artdığı bir vaxta təsadüf edir.
Samir


