Almaniyanın ultrasağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının deputatı Maksimilian Kra ABŞ-ın Rusiya-Ukrayna müharibəsində neytral mövqeyini itirdiyini və Moskvanın tərəfinə keçdiyini iddia edib. O, həmçinin Ukraynanın Almaniyadan aldığı maliyyə və hərbi yardıma görə təzminat ödəməli olduğunu bildirib.
HİT.az xəbər verir ki, siyasətçi bu fikirləri “Clash Report”a müsahibəsində səsləndirib.
“ABŞ neytral tərəf olmaqdan çıxıb Rusiyanın tərəfinə keçdiyi üçün Ukraynadakı müharibənin başa çatmasının şahidi oluruq”, – Kra deyib.
ABŞ ilə Rusiya arasında dizel yanacağının tədarükü ilə bağlı razılaşmanı şərh edən deputat bildirib ki, Vaşinqton bir tərəfdən Ukraynanın Rusiyanın neft sənayesinə zərbələr endirməsinə mane olur, digər tərəfdən isə Rusiya iqtisadiyyatına vəsait axınına şərait yaradır.
“Bu o deməkdir ki, Amerika digər tərəfə keçib”, – siyasətçi əlavə edib.
Kra Rusiya Prezidenti Vladimir Putinə heyran olmadığını bildirsə də, onun hakimiyyəti dövründə Rusiyanın əvvəlki böhran vəziyyətindən çıxdığını iddia edib.
Siyasətçinin sözlərinə görə, Boris Yeltsinin hakimiyyətinin sonlarında Rusiya yoxsulluq, cinayətkarlıq və dövlət tənəzzülü ilə üzləşmişdi. O, eyni zamanda Almaniya hökumətinin açıqlamalarının Rusiyanın bütün Avropanı işğal etmək niyyətində olduğu təəssüratını yaratdığını deyib.
Bununla belə, Kra Rusiyada yaşamaq istəmədiyini də vurğulayıb.
Deputat bildirib ki, onun təmsil etdiyi AfD partiyası Ukraynanın Almaniyadan aldığı yardımlara görə təzminat ödəməsini tələb etmək niyyətindədir.
Xatırladaq ki, partiyanın lideri Alisa Vaydel də daha əvvəl Ukraynaya maliyyə və hərbi yardımın dayandırılmasını istədiyini açıqlamışdı. O, həmçinin Kiyevdən indiyədək göstərilmiş yardımın əhəmiyyətli hissəsinin geri qaytarılmasını tələb edəcəklərini bildirmişdi.
Qeyd edək ki, ABŞ-ın Rusiyanın tərəfinə keçməsi barədə fikirlər Maksimilian Kranın siyasi qiymətləndirməsidir. Bu açıqlama özlüyündə Vaşinqtonun müharibədəki rəsmi mövqeyinin dəyişdiyini təsdiqləmir.
Samir


