Çexiyanın baş naziri Ukraynaya ayrılan 100 milyard avronun büdcədən çıxarılmasını istəyir

DÜNYA
15:41 / 16.10.2026
63

Çexiyanın baş naziri Andrey Babiş Avropa İttifaqının Ukraynaya maliyyə yardımı üçün nəzərdə tutduğu 100 milyard avronun büdcədən çıxarılmalı olduğunu bildirib. O, ABŞ Prezidenti Donald Trampın Rusiya ilə razılaşmalarının Avropanı prosesdən kənarda qoyduğunu və Avropa liderlərinin Ukraynanın gələcəyi ilə bağlı konkret qərarlar verməli olduğunu deyib.

HİT.az xəbər verir ki, bu barədə “UNIAN” nəşri məlumat yayıb.

Babiş Brüsseldə Avropa İttifaqı Şurasının iclası ərəfəsində jurnalistlərə açıqlamasında bildirib ki, Avropa hazırda baş verən proseslərdə fəal rol oynamır. Onun sözlərinə görə, Trampın Rusiya Prezidenti Vladimir Putinlə biznes razılaşmaları Avropanı çətin vəziyyətdə qoyub.

“Hamımız sülh istəyirik. Lakin müharibə davam edir, Avropa prosesdən kənarda qalıb və Tramp Putinlə biznes aparmaqla əslində bizi məyus edib. Biz nəsə etməliyik”, – Çexiyanın baş naziri vurğulayıb.

O, Avropa büdcəsində Ukrayna üçün nəzərdə tutulan 100 milyard avronun saxlanılmasına qarşı çıxıb: “Məncə, bu vəsaitlər büdcədən çıxarılmalıdır”.

Bununla yanaşı, Babiş Avropa İttifaqının müharibə ilə bağlı mümkün razılaşmadan sonra hansı addımların atılacağını əvvəlcədən müəyyənləşdirməli olduğunu bildirib. Onun fikrincə, belə bir razılaşma əldə olunarsa, Ukrayna Prezidenti Volodimir Zelenski maliyyə çatışmazlığı ilə üzləşə bilər. Baş nazir Avropa liderlərinin bu məsələ ilə bağlı hansı qərara gələcəyini gözlədiyini deyib.

Xatırladaq ki, oktyabrın 9-da Donald Tramp Rusiyanın ABŞ və dünya bazarlarına yüz minlərlə ton dizel yanacağı tədarük edəcəyinə dair Putinlə razılaşdığını açıqlayıb.

Zelenski isə bu razılaşmaya etiraz edərək, Rusiyanın əlavə gəlir əldə etməsinin Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə kömək edə biləcəyini bildirib.

Samir

0