Cənubi Afrikanın Keyptaun şəhəri yaxınlığında yerləşən üzvi üzüm plantasiyasında hər səhər təxminən 800 ördək sıraya düzülərək “işə yollanır”. Hind qaçış ördəkləri adlanan bu quşlar üzüm yarpaqları arasında gizlənən ilbizləri yeyərək məhsulu zərərvericilərdən qoruyur.
HİT.az xəbər verir ki, bu barədə UNIAN Polşanın “Wp.pl” nəşrinə istinadən məlumat yayıb.
Vergenoegd Löw adlı təsərrüfatda hind qaçış ördəkləri 30 ildən çoxdur saxlanılır. Əvvəlcə onların sayı az olsa da, zamanla sürü təxminən 800 başa çatıb. Təsərrüfatın rəhbəri Piter Stüartın sözlərinə görə, ördəklər artıq plantasiyanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.
Hər səhər saat 08:00-da istirahət etdikləri yerdən çıxan quşlar sıx dəstə şəklində üzüm sahələrinə doğru hərəkət edirlər. Onların əsas işi üzüm yarpaqları arasında gizlənən ilbizləri tapıb yeməkdir. Bu üsul zərərvericilərlə mübarizədə pestisidlərdən istifadəni azaltmağa imkan verir.
Ördəklər təkcə zərərvericiləri məhv etməklə kifayətlənmirlər. Onların ifrazatları torpağı təbii şəkildə gübrələyir, beləliklə, üzüm plantasiyası kimyəvi gübrələrə ehtiyacı da azalda bilir. Təsərrüfatda qazlar da saxlanılır. Onlar qarğalardan və digər yırtıcılardan yuvaları və yumurtaları qoruyurlar. Günün sonunda quşlar yaxınlıqdakı gölməçədə dincəlirlər.
Səhər saatlarında yüzlərlə ördəyin nizamlı şəkildə hərəkət etməsi bölgənin maraqlı mənzərələrindən birinə çevrilib. Bu qeyri-adi görüntünü izləmək üçün müxtəlif yerlərdən turistlər də təsərrüfata gəlirlər.
Nəşrin məlumatına görə, bu qədər böyük ördək sürüsünü saxlamaq üzüm bağlarını kimyəvi vasitələrlə qorumaqdan daha baha başa gəlir. Bununla belə, təsərrüfat sahibləri quşların faydasının xərclərini üstələdiyini düşünürlər. Ördəklər zərərvericilərə qarşı təbii mübarizəyə kömək etməklə yanaşı, biomüxtəlifliyin qorunmasına və torpağın keyfiyyətinin yaxşılaşdırılmasına da töhfə verirlər.
Beləliklə, təsərrüfatda ənənəvi kənd təsərrüfatı üsulları ilə təbiətə uyğun yanaşma birləşdirilir: ördəklər həm məhsulun qorunmasında iştirak edir, həm də üzvi əkinçiliyin maraqlı nümunəsinə çevrilirlər.
Samir


