Çin pilotsuz aparatların daşınması, suya buraxılması və texniki xidmətinin həyata keçirilməsi üçün nəzərdə tutulan ikinci xüsusi gəminin tikintisini, görünür, başa çatdırmaq üzrədir. Quançjou şəhərində aşkarlanan gəmi Şanxayda inşa edilən analoji platformaya bənzəsə də, ölçülərinə görə təxminən üçdəbir kiçikdir.
HİT.az xəbər verir ki, bu barədə “The War Zone” (TWZ) nəşri məlumat yayıb.
Məlumata görə, ilk belə gəmi Şanxaydakı Hudong-Zhonghua gəmiqayırma zavodunda aşkarlanıb. Onun konstruksiyası həm iri, həm də çoxsaylı kiçik pilotsuz aparatların daşınmasına imkan verir. Gəmidə aparatların suya endirilməsi və sudan qaldırılması, eləcə də müxtəlif göyərtələr arasında hərəkət etdirilməsi üçün xüsusi qurğular nəzərdə tutulub.
Quançjouda aşkar edilən ikinci gəmi də oxşar quruluşa malikdir. Bununla belə, onun gövdəsinin forması və bəzi konstruktiv elementləri fərqlənir. Gəmidə altı qaldırıcı qüllə, uçuş göyərtəsi və burunüstü üstqurğunun arxasında yerləşən anqar diqqət çəkir.
Nəşrin məlumatına əsasən, gəmi Quançjoudakı Guangzhou Shipyard International (GSI) müəssisəsində inşa edilib. Oktyabrın 2-nə aid peyk görüntülərində onun suya buraxılmazdan əvvəl zavodun ərazisində olduğu qeydə alınıb.
Hər iki gəminin meydana çıxması Çinin dəniz əməliyyatlarında pilotsuz texnologiyalardan istifadəyə marağının artdığını göstərir. Bu platformalar vasitəsilə pilotsuz aparatların uzaq dəniz ərazilərinə daşınması, suya buraxılması, geri qaytarılması və texniki baxışdan keçirilməsi mümkün ola bilər.
Belə aparatların potensial tətbiq sahələrinə dəniz dibinin xəritələşdirilməsi, sualtı minaların aşkarlanması, sualtı qayıqların və hərbi gəmilərin izlənməsi daxildir. Gələcəkdə bəzi platformaların silah və digər pilotsuz sistemlərin daşınması üçün istifadə edilməsi də ehtimal olunur.
Bununla belə, gəmilərin artıq döyüş tapşırıqlarında istifadə edildiyini təsdiqləyən məlumat yoxdur. Onların sınaq və eksperimental məqsədlər üçün nəzərdə tutulması da mümkündür.
Nəşr hesab edir ki, bu cür platformaların inkişafı Çinin Sakit okeanın uzaq ərazilərində fəaliyyət imkanlarını genişləndirə və ABŞ-ın regiondakı hərbi obyektləri üçün əlavə risklər yarada bilər. Bununla yanaşı, proqramın ümumi miqyası, gəmilərin dəqiq təyinatı və gələcəkdə neçə belə platformanın inşa ediləcəyi hələlik məlum deyil.
Samir


