15 min il əvvəl hazırlanmış gil muncuqlar qədim insanların həyatına işıq saldı

DÜNYA
18:00 / 19.10.2026
57

İsraildə aşkar edilən qədim gil muncuqlar insanların bəzək əşyaları hazırlamaq ənənəsinin düşünüldüyündən daha qədim tarixə malik olduğunu göstərir. Təxminən 15 min il əvvələ aid tapıntılar üzərində uşaqların, yeniyetmələrin və böyüklərin barmaq izlərinin qalması qədim dövrdə sənətkarlığın necə öyrənildiyi barədə də yeni məlumatlar ortaya çıxarıb.

HİT.az xəbər verir ki, bu barədə “The Daily Galaxy” nəşri “Science Advances” jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.

Tədqiqatçılar İsraildəki natufiya mədəniyyətinə aid yaşayış məskənlərindən tapılmış, bişirilməmiş gildən hazırlanmış 142 muncuğu araşdırıblar. Yaşı təxminən 15 min ilə 11 650 il arasında dəyişən bu əşyalar silindr, disk və ellips formasında olub. Onların bir çoxunun səthi qırmızı oxra ilə rənglənib. Alimlər bu nümunələrin gildən bəzək əşyaları hazırlanmasının məlum olan ən qədim nümunələri arasında olduğunu bildirirlər.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri də muncuqların üzərində təxminən 50 barmaq izinin müəyyən edilməsidir. Bu izlər əşyaların hazırlanmasında müxtəlif yaş qruplarından olan insanların iştirak etdiyini göstərir. Bəzi muncuqların, o cümlədən çox kiçik gil halqanın uşaqlar üçün nəzərdə tutulduğu ehtimal edilir.

Alimlərin fikrincə, muncuq hazırlamaq yalnız bəzək əşyaları istehsalı deyil, həm də bilik və bacarıqların nəsildən-nəslə ötürülməsi vasitəsi olub. Uşaqlar böyükləri müşahidə edərək bu işi öyrənir, beləliklə, müəyyən sənətkarlıq ənənələri və sosial dəyərlər qorunub saxlanılırdı.

Tədqiqat zamanı muncuqların 19 müxtəlif növü müəyyən edilib. Onların bir qismi həmin dövrdə insanların həyatında mühüm yer tutan yabanı arpa, buğda, mərcimək və noxud kimi bitkilərin formasını təqlid edib. Bəzi nümunələrdə aşkar olunan bitki liflərinin izləri isə muncuqların bir-birinə necə bağlandığı və taxıldığı barədə təsəvvür yaradır.

Natufiya mədəniyyəti insanların ovçuluq və yığıcılıqla məşğul olduğu, eyni zamanda daha oturaq həyat tərzinə keçməyə başladığı dövrü əhatə edir. Tədqiqatçılar hesab edirlər ki, bu tapıntılar simvolik düşüncənin və bəzək əşyaları hazırlamaq ənənələrinin əkinçilik və dulusçuluq geniş yayılmamışdan əvvəl də inkişaf etdiyini göstərir.

Araşdırmanın müəlliflərinin qənaətinə görə, qədim muncuqlar təkcə insanların zahiri bəzəyə marağını deyil, həm də sosial münasibətlərin, mədəni ənənələrin və sənətkarlıq bacarıqlarının formalaşmasını anlamağa kömək edir.

Samir

0