Netanyahu yenidən Baş nazir seçilə bilər?

DÜNYA
13:43 / 19.10.2026
222

İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ölkənin siyasi gələcəyini müəyyənləşdirəcək mühüm sınaq kimi qiymətləndirilir.

Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalmaq şansları, rəqiblərinin mövqeləri və seçkidən sonra hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik diqqət mərkəzindədir. Bəs seçki öncəsi siyasi mənzərə necədir və son sorğular nə göstərir?

Siyasi şərhçi Azad Məsiyev Hit.az-a açıqlamasında bildirib ki, İsraildə hakimiyyətə hansı siyasi qüvvənin gəlməsindən asılı olmayaraq, ölkənin uzunmüddətli strategiyası dəyişməz qalır və hakimiyyətə gələn partiyalar bu strategiyaya uyğun siyasət yürüdürlər:

413144

“İsrailin Yaxın Şərqdə mövqelərini genişləndirmək siyasəti müxtəlif dövrlərdə fərqli taktiki addımlarla həyata keçirilir. İsrail dövləti yarandığı vaxt elan edilən ərazi ilə hazırkı ərazi arasında ciddi fərq var. Fələstin torpaqlarının işğalı, bu prosesin müxtəlif dövrlərdə özünümüdafiə və terrorla mübarizə kimi əsaslarla izah edilməsi həmin strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Suriyada strateji yüksəkliklərin nəzarətə götürülməsi və bu ərazilərin bufer zona elan edilməsi, Livan ərazisində hərbi əməliyyatların aparılması, Qəzzada baş verənlər də bu kontekstdə nəzərdən keçirilməlidir. Bütün bunlar İsrailin regiondakı siyasətinin yalnız ayrı-ayrı hökumətlərin fəaliyyəti ilə məhdudlaşmadığını göstərir”.

Ekspert hesab edir ki, İsrailin son dövrlərdə həyata keçirdiyi hərbi və siyasi siyasət beynəlxalq ictimaiyyətdə ölkəyə münasibətin pisləşməsinə səbəb olub:

“Bu vəziyyət İsrail rəhbərliyinin gələcəkdə taktiki dəyişikliklərə getməsini zəruri edə bilər. Beynəlxalq aləmdə İsrailə qarşı formalaşan mənfi münasibəti yumşaltmaq üçün ölkədə yeni siyasi hakimiyyətin formalaşması variantının gündəmə gəlməsi mümkündür. Hazırkı baş nazir Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəstəyini alır və onların Yaxın Şərqlə bağlı mövqeləri bir sıra məsələlərdə üst-üstə düşür.

Bununla belə, ABŞ-də keçiriləcək aralıq seçkilərin nəticələri və İsraildə siyasi qüvvələr arasında mümkün dəyişikliklər regiondakı siyasətə təsir göstərə bilər. Hesab edirəm ki, İsrail cəmiyyəti mövcud vəziyyəti və ölkənin beynəlxalq imicinə təsirləri nəzərə alaraq siyasi seçim etməli olacaq”.

Politoloq Netanyahunun siyasətinin beynəlxalq səviyyədə ciddi tənqid olunduğunu vurğulayaraq, onun barəsində Beynəlxalq Cinayət Məhkəməsinin qərarını da diqqətə çatdırıb:

“İsraildə mümkün hakimiyyət dəyişikliyi ölkənin beynəlxalq münasibətlərdə yaranmış mənfi imicini yumşaltmağa yönələn yeni taktiki mərhələnin başlanğıcı ola bilər”.

Sevinc

0