Kosmosun dərinliklərindən Yerə sirli siqnal gəldi: Mənbə alimləri təəccübləndirdi

DÜNYA
21:18 / 19.10.2026
60

Astronomlar milyardlarla il əvvəl yaranmış və kainatın böyük bir hissəsini keçərək Yerə çatan sürətli radio siqnalı aşkarlayıblar. FRB 20240304B adlandırılan siqnalın mənbəyi gözləniləndən fərqli olaraq böyük qalaktika deyil, ulduzların fəal şəkildə yarandığı kiçik cırtdan qalaktika olub.

HİT.az xəbər verir ki, bu barədə “Science” jurnalında dərc olunan araşdırmada məlumat verilib.

Sürətli radio partlayışları cəmi millisaniyələr ərzində davam edən güclü radio dalğalarıdır. Onların necə yarandığı hələ də tam aydın deyil. Tədqiqatçılar bu siqnalların mümkün mənbələri arasında güclü maqnit sahəsinə malik neytron ulduzları olan maqnitarları da nəzərdən keçirirlər.

FRB 20240304B siqnalı 2024-cü ilin martında Cənubi Afrikada yerləşən MeerKAT radio teleskopu vasitəsilə qeydə alınıb. Onun gəldiyi qalaktikanı müəyyənləşdirmək üçün aparılan ilkin müşahidələr nəticə vermədiyindən alimlər “Ceyms Vebb” kosmik teleskopunun imkanlarından yararlanıblar.

Müşahidələr zamanı aşkar edilib ki, siqnalın mənbəyi əvvəlcə ehtimal edildiyi kimi böyük ulduz sisteminə malik qalaktika deyil. Tapılan cırtdan qalaktikanın kütləsi alimlərin gözlədiyindən təxminən 1000 dəfə azdır. Onun ulduz kütləsinin təxminən 90 faizi isə son 30 milyon il ərzində formalaşıb.

Bu xüsusiyyətlər alimləri siqnalın mənbəyinin maqnitar ola biləcəyi ehtimalına yönəldib. Maqnitarlar son dərəcə güclü maqnit sahəsinə malik neytron ulduzlarıdır və qısa müddətdə böyük miqdarda enerji buraxa bilirlər. İki neytron ulduzunun toqquşması da mümkün izahlardan biri sayılsa da, bu ssenari gənc qalaktikanın xüsusiyyətlərinə daha az uyğun gəlir.

Kəşfin əhəmiyyəti yalnız siqnalın mənşəyinin araşdırılması ilə məhdudlaşmır. Radio dalğaları kosmosda hərəkət edərkən qalaktikalararası qazla qarşılıqlı təsirə girir. Bu dəyişiklikləri təhlil etməklə alimlər adi müşahidələrlə görünməsi çətin olan maddənin kainatda necə yayıldığını öyrənə bilirlər.

Araşdırma zamanı siqnalın təxminən 3,5 milyard işıq ili uzaqlıqda yerləşən qalaktikalar qrupunun aşkarlanmasına da kömək etdiyi müəyyənləşdirilib. Bundan başqa, onun təxminən 54 milyon işıq ili uzaqdakı Qız bürcü qalaktikalar topası ilə qarşılıqlı təsirinin izləri qeydə alınıb.

Alimlərin sözlərinə görə, indiyədək sürətli radio partlayışlarının yalnız təxminən 100-nün mənbə qalaktikası təsdiqlənib. Bu cür uzaq siqnalların araşdırılması onların mənşəyini anlamaq və kainatın görünməyən strukturlarını öyrənmək baxımından yeni imkanlar yaradır. Bununla belə, radio partlayışlarının necə yarandığına dair yekun elmi izah hələ mövcud deyil.

Samir
 

0