Ukrayna Qara dənizdə mülki gəmiçiliyin bərpası və kənd təsərrüfatı məhsullarının ixracı üçün Türkiyə, Misir və Hindistanla danışıqlar aparır. Bu ölkələr öz bayraqları altında üzən gəmilərin təhlükəsizliyinin təmin olunmasına və ərzaq daşımalarında iştirak etməyə hazır olduqlarını bildiriblər.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına istinadən məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın Qara dəniz limanları ölkənin ərzaq ixracında əsas rol oynayır və bir marketinq mövsümündə 40 milyon tona qədər taxılın daşınmasına imkan verir. Lakin avqust ayından etibarən liman infrastrukturuna və gəmilərə Rusiyanın hava hücumları səbəbindən bu daşımalar dayandırılıb.
Ukrayna prezidenti qeyd edib ki, mövcud ixrac həcmini dəmir yolu nəqliyyatı ilə təmin etmək mümkün deyil. Onun sözlərinə görə, Türkiyə, Misir və Hindistan gəmilərin həm Ukrayna, həm də Rusiya limanlarına daxil olaraq ərzaq daşımasını nəzərdə tutan təklif irəli sürüblər.
Təklifə əsasən, tərəflər qarşılıqlı razılaşma çərçivəsində bu gəmilərə hücum etməməlidirlər. Lakin Zelenski bildirib ki, Türkiyə, Hindistan və Misirin vasitəçilik cəhdlərinə baxmayaraq, Rusiya bu plana qarşı çıxır.
Ukrayna prezidenti, həmçinin Avropa İttifaqına müraciət edərək 2022-ci ildə tətbiq edilən “Həmrəylik dəhlizləri” proqramının bərpasını istəyib. Bu proqram Ukraynaya müharibənin ilk aylarında taxıl və digər məhsulları Avropa dəmir yolları və limanları vasitəsilə ixrac etməyə imkan vermişdi.
Nəşrin Ukrayna Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına istinadən yazdığına görə, hazırda ölkə əvvəlki dövrlərlə müqayisədə adi ixrac həcminin yalnız 38 faizini həyata keçirə bilir.
Məlumatda qeyd olunur ki, Ukraynanın mülki liman infrastrukturuna hücumlar ölkənin Rusiya nefti və neft məhsullarının daşınmasında istifadə edilən “kölgə donanması”na qarşı əməliyyatlarından sonra intensivləşib. Qara dənizdə ticarət gəmilərinə hücumların artması isə regionda ərzaq daşımalarının təhlükəsizliyini daha da çətinləşdirir.
Samir


