ABŞ dövlət katibi Marko Rubio Ukraynada seçkilərin keçirilməsi məsələsinin Rusiya ilə müharibənin davam etməsinin əsas səbəbi olmadığını bildirib. O, eyni zamanda, Qara dənizdə enerji daşıyan gəmilərə hücumlarla bağlı amerikalı şirkətlərin şikayətlərini də gündəmə gətirib.
HİT.az xəbər verir ki, bu barədə “ClashReport”a məlumat yayıb.
“Seçkilər məsələsi gündəmə gətirilir və mən bunun əhəmiyyətsiz olduğunu demirəm. Lakin müharibənin hələ də davam etməsinin əsas səbəbi bu deyil”, deyə Rubio bildirib.
Dövlət katibi Ukraynanı Rusiyaya qarşı hücumların genişlənməsində birbaşa ittiham etməsə də, Qara dənizdə enerji daşıyan gəmilərə endirilən zərbələrlə bağlı ABŞ şirkətlərindən şikayətlər daxil olduğunu qeyd edib.
“Bir neçə ay əvvəl Qara dənizdə enerji daşıyan gəmilərə hücumların şahidi olduq. Bununla bağlı çoxsaylı şikayətlər vardı. Amerikalı şirkətlər bizə zəng edərək bildirirdilər ki, Ukraynanın zərbə endirdiyi gəmidə onlara məxsus neft olub”, deyə Rubio vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskini müharibəni başa çatdırmaq istəməməkdə ittiham etmişdi. Tramp həmçinin Kiyevin iki il əvvəl daha əlverişli sülh razılaşması əldə edə biləcəyini iddia etmişdi.
Zelenski isə öz növbəsində ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünü ləngitdiyini bildirib. Onun sözlərinə görə, sifarişlərin bir hissəsi üçün ödəniş edilsə də, Vaşinqton bəzi tədarüklərə hələ razılıq verməyib.
Ukrayna prezidenti oktyabrın 19-na keçən gecə Rusiyanın ballistik raket hücumları barədə Kiyevin tərəfdaşlar tərəfindən əvvəlcədən məlumatlandırılmadığını da qeyd edib.
Samir


