İlanların həyətə gəlməsinin səbəbi bəzən evin ətrafındakı bitkilər, yığılmış əşyalar və su mənbələri ola bilər. Mütəxəssislər bildirirlər ki, sürünənlər əsasən yırtıcılardan qorunmaq, sərin yerdə gizlənmək və qida tapmaq üçün əlverişli məkanlara üstünlük verirlər.
HİT.az xəbər verir ki, bu barədə “Martha Stewart” saytı yazıb.
Mütəxəssislərin fikrincə, ilanları həyətə cəlb edə biləcək əsas məkanlardan biri sıx kol və bitki örtüyüdür. Belə yerlər sürünənləri günəşin istisindən və yırtıcılardan qorumaqla yanaşı, siçan və digər gəmiricilərin də məskunlaşmasına şərait yaradır. Buna görə də evin yaxınlığındakı alaq otlarını təmizləmək, sıx kolları yaşayış sahəsindən uzaq saxlamaq tövsiyə olunur.
İkinci təhlükəli məkan odun, daş, faner və digər tikinti materiallarının qalaqlandığı sahələrdir. Bu əşyaların altında yaranan boşluqlar ilanlar üçün əlverişli sığınacaq rolunu oynaya bilər. Quş yemləyiciləri də risk yaradır: yerə tökülən toxumlar siçanları cəlb edir, gəmiricilərin çoxalması isə ilanların həmin əraziyə gəlməsi ehtimalını artırır.
Mütəxəssislər evlərin zirzəmilərinə və döşəməaltı boşluqlarına da diqqət yetirməyi məsləhət görürlər. Qaranlıq, sərin və sakit məkanlar ilanların gizlənməsi üçün əlverişlidir. Bu səbəbdən binanın ətrafındakı çatlar və dəliklər bağlanmalı, heyvanların evin alt hissəsinə daxil olmasının qarşısı alınmalıdır.
Həyətdəki hovuzlar, dekorativ gölməçələr, eləcə də sızdıran kranlar və su şlanqları da ilanları cəlb edə bilər. Su mənbələri gəmiricilərin və digər kiçik heyvanların həmin əraziyə gəlməsinə səbəb olduğundan, ilanların da görünmə ehtimalı yüksəlir.
Mütəxəssislər həyətin mütəmadi təmizlənməsini, su sızmalarının aradan qaldırılmasını və potensial sığınacaqların azaldılmasını tövsiyə edirlər. Bununla belə, ilanların əksəriyyəti insanlara qarşı aqressiv davranmır və bəzi növlər gəmiricilərin sayının tənzimlənməsində faydalı rol oynayır. Həyətdə ilanla rastlaşdıqda ona yaxınlaşmamaq və özbaşına tutmağa çalışmamaq daha təhlükəsizdir.
Samir


