300 bizonun sayı 33 ilə 2 mini ötdü: Nadir ekosistem belə bərpa olunur

DÜNYA
20:17 / 20.10.2026
75

ABŞ-ın Oklahoma ştatında təbiətin bərpası istiqamətində həyata keçirilən layihə diqqətçəkən nəticə verib. 1993-cü ildə qoruğa buraxılan 300 Amerika bizonunun sayı üç onillikdən çox müddətdə 2 mini ötüb. Bu heyvanlar nadir yüksəkotlu çöllərin qorunmasında və təbii tarazlığın bərpasında mühüm rol oynayır.

HİT.az xəbər verir ki, bu barədə “The Times of India” təbiəti mühafizə təşkilatı “The Nature Conservancy”nin məlumatlarına istinadən yazıb.

Bizonlar 1993-cü ildə Oklahoma ştatındakı Cozef Uilyams yüksəkotlu çöllər qoruğuna gətirilib. Heyvanları qoruğa fermer ailəsi bağışlayıb. Ərazinin qorunması və bərpası istiqamətində işlərə isə daha əvvəl, 1989-cu ildə başlanılıb.

Hazırda 16 min hektardan çox ərazini əhatə edən qoruq dünyada yüksəkotlu çöl ekosisteminin qorunduğu ən böyük ərazilərdən biri hesab olunur. “The Nature Conservancy”nin məlumatına görə, yay aylarında burada buzların sayı həmin il doğulan balalar da daxil olmaqla, təxminən 2700-ə çatır. Payızda aparılan illik sayım və sürünün idarə olunması tədbirləri zamanı heyvanların sayı azaldılır.

Bizonlar ərazidəki bitki müxtəlifliyinin qorunmasına da kömək edir. Onlar otları yeməklə ayrı-ayrı bitki növlərinin həddindən artıq yayılmasının qarşısını alır, ifrazatları vasitəsilə torpağa qida maddələri qaytarır. Torpaqda yaratdıqları çökəkliklərdə yağış suyu toplanır və bu, həşəratlar da daxil olmaqla, müxtəlif canlılar üçün əlverişli şərait yaradır.

Qoruqda bizonların otarılması nəzarətli ot yandırılması tədbirləri ilə birlikdə həyata keçirilir. Bu üsul kol və ağacların açıq çölləri zəbt etməsinin qarşısını almağa, həmin ərazilərə uyğunlaşmış canlıların yaşayış mühitini qorumağa imkan verir.

2022-ci ilin avqustunda “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırma da bizonların ekoloji əhəmiyyətini ortaya qoyub. Tədqiqatın nəticələrinə əsasən, bizonların otladığı ərazilərdə yerli bitki növlərinin sayı iri ot yeyən heyvanların olmadığı sahələrlə müqayisədə kiçik tədqiqat sahələrində 103 faiz, daha böyük ərazilərdə isə 86 faiz çox olub.

Bir vaxtlar ABŞ-ın 14 ştatına yayılan yüksəkotlu çöllərin böyük hissəsi kənd təsərrüfatı və şəhərləşmə səbəbindən yoxa çıxıb. Məlumata görə, bu ekosistemin ilkin ərazisinin 4 faizindən də az hissəsi qorunub saxlanılıb.

Hazırda qoruqda 700-dən çox bitki növü, 300-dən artıq quş növü və təxminən 80 məməli növü yaşayır. Bizonların sayının artması və təbiətin qorunması üçün görülən tədbirlər nadir ekosistemlərin bərpasında mühüm nümunə hesab olunur.

Samir

0