ABŞ administrasiyası sanksiyalara məruz qalan yüzlərlə neft tankerinin qanuni fəaliyyət göstərən donanmaya daxil edilməsi üzərində işləyir. Vaşinqtonun planına əsasən, həmin gəmilər sanksiyalı ölkələrdən neft daşımaq əvəzinə, beynəlxalq məhdudiyyətlərə məruz qalmayan neftin daşınmasında istifadə olunacaq.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri ABŞ-nin energetika naziri Kris Raytın açıqlamasına istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, ABŞ hökuməti sanksiyalar altında olan, istismardan çıxarılmış tankerləri alan, onları bərpa edən və qanuni neft daşımalarında istifadə etməyi planlaşdıran investorlarla əməkdaşlıq edir. Rayt bildirib ki, məqsəd bu gəmiləri qeyri-qanuni daşımalarla əlaqələndirilən donanmadan çıxararaq qanuni fəaliyyət göstərən donanmaya keçirməkdir. O, bunun sanksiyaların ləğvi anlamına gəlmədiyini xüsusi vurğulayıb.
“Bloomberg”in məlumatına görə, bu təşəbbüs ABŞ-nin neft daşımaları üçün mövcud gəmi imkanlarını artırmaq və Yaxın Şərqdəki münaqişə, eləcə də Hörmüz boğazında yaranmış vəziyyət səbəbindən pozulan tədarükü sabitləşdirmək cəhdləri ilə əlaqədardır.
Kris Raytın qiymətləndirməsinə görə, dünyada sanksiyalara məruz qalan təxminən 1600 tankerdən ibarət “kölgə donanması” mövcuddur. ABŞ administrasiyasının planı nəticəsində onlarla, hətta yüzlərlə gəminin qanuni neft daşımalarına cəlb edilməsi mümkün ola bilər.
Yaxın Şərqdə təhlükəsizlik risklərinin artması neft daşımalarının qiymətinə də ciddi təsir göstərib. Məlumata əsasən, Fars körfəzindən Şərqi Asiyaya neftin çatdırılma xərcləri münaqişədən əvvəlki dövrlə müqayisədə altı dəfə artıb. “Signal Ocean” şirkətinin məlumatına görə, dünyadakı təxminən 850 nəhəng neft tankerinin 40 faizindən çoxu hazırda Fars körfəzində və ya həmin əraziyə bir neçə günlük məsafədə yerləşir.
Nəşr qeyd edir ki, təşəbbüs ABŞ-də yanacaq qiymətlərinin artdığı və aralıq seçkilər ərəfəsində seçicilərin yaşayış xərcləri ilə bağlı narahatlığının gücləndiyi dövrə təsadüf edir.
Samir


