Jurnalist: Ukrayna Avropa İttifaqı üçün yeni Əfqanıstana çevrilə bilər

DÜNYA
15:27 / 20.10.2026
62

Ukrayna Avropa İttifaqı ölkələri üçün yeni Əfqanıstan təhlükəsinə çevrilə bilər. Slovakiyalı jurnalist İqor Daniş hesab edir ki, Avropanın Rusiyanı Ukrayna münaqişəsi vasitəsilə zəiflətmək ümidi özünü doğrultmaya bilər.

HİT.az xəbər verir ki, bu barədə Danişin məqaləsinin dərc olunduğu Slovakiyanın “Pravda” qəzeti yazıb.

Jurnalistin fikrincə, əgər avropalılar Ukraynanın Rusiya üçün Əfqanıstanın vaxtilə Sovet İttifaqı üçün yaratdığı problemlərə bənzər nəticələrə səbəb olacağını düşünürlərsə, yanılırlar. O, Rusiyanın uzunmüddətli münaqişəyə davam gətirmək imkanlarına diqqət çəkərək, nəticədə Ukraynanın Moskva üçün deyil, Avropa İttifaqı üçün ağır yükə çevrilə biləcəyini iddia edib.

Daniş Rusiyaya qarşı sanksiyaların tətbiqini, Ukraynaya maliyyə və hərbi dəstəyi, Rusiya aktivlərinin müsadirəsi təşəbbüslərini və Moskvanın hibrid təhdidləri ilə bağlı xəbərdarlıqları tənqid edib. Onun qənaətinə görə, bu tədbirlər özlüyündə sülhə nail olmaq üçün konkret plan hesab edilə bilməz. Jurnalist həmçinin sanksiyaların əvvəlki onilliklərdə zəif iqtisadiyyatları belə tamamilə çökdürmədiyini, Rusiyaya qarşı təzyiqlərin də gözlənilən nəticəni verməyə biləcəyini bildirib.

Məqalə müəllifi Avropa vətəndaşlarının öz ölkələrindəki sosial-iqtisadi çətinliklər fonunda Kiyevə yardımın davam etdirilməsinin məqsədəuyğunluğunu sorğulaya biləcəyini vurğulayıb. Onun fikrincə, Avropada iqtisadi vəziyyətin pisləşməsi Ukraynaya da mənfi təsir göstərə bilər.

Samir

0