Almaniya kansleri Fridrix Merz Rusiyanın Avropa üçün yaratdığı təhlükənin lazımi səviyyədə qiymətləndirilmədiyini bildirib. Onun sözlərinə görə, Vladimir Putin təkcə Ukraynaya nəzarəti ələ keçirməyə deyil, həm də Avropada demokratiyanı və mövcud siyasi sistemi zəiflətməyə çalışır.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Merz Rusiyanın Avropa cəmiyyətlərinə təsirinin ciddi narahatlıq doğurduğunu vurğulayıb. Kanslerin fikrincə, bir çox insan, o cümlədən Almaniyada yaşayanlar Kremlin yaratdığı təhlükəni kifayət qədər ciddi qəbul etmir.
“Rusiyanın məqsədi təkcə Ukraynada ərazi əldə etmək deyil. Onlar demokratiyadan, açıq cəmiyyətlərdən və Avropa inteqrasiyasının uğurundan qorxurlar”, – deyə Merz bildirib.
Almaniya kansleri Avropa ölkələrinin ABŞ-ın dəstəyi olmadan da Ukraynanın müdafiəsini maliyyələşdirdiyini və Kiyevə hərbi təchizat göndərdiyini qeyd edib. O, bu yükün Avropa büdcələri üçün ağır olduğunu desə də, müharibə başa çatana qədər Ukraynaya dəstəyi davam etdirməyə çalışacaqlarını vurğulayıb.
Merz həmçinin ABŞ Prezidenti Donald Trampı Avropanın sabitliyinin Vaşinqtonun da maraqlarına uyğun olduğuna inandırmağa çalışdığını bildirib. Onun sözlərinə görə, Avropa İttifaqının qlobal səviyyədə etibarlı tərəfdaş kimi qalması ABŞ üçün də əhəmiyyətlidir.
Kansler Ukraynanın ərazi bütövlüyünün qorunmasının əsas şərt olduğunu və bu məsələnin müzakirə mövzusu ola bilməyəcəyini vurğulayıb.
Merz əlavə edib ki, Avropa hökumətləri təhlükəsizlik sahəsində yaranmış vəziyyətin ciddiliyini anlayır və müdafiə sistemlərini yenidən quraraq daha müstəqil olmağa çalışırlar. Məqsəd NATO çərçivəsində rəqabət aparmaq və özlərini müstəqil şəkildə müdafiə edə biləcək gücə sahib olmaqdır.
Samir

