Meşədə ağacların 70 faizi kəsildi, 30 il sonra gözlənilməz nəticə ortaya çıxdı

DÜNYA
23:15 / 21.10.2026
62

Avstraliyada aparılan uzunmüddətli tədqiqat göstərib ki, bəzi meşələrdə ağacların bir hissəsinin seyrəldilməsi qalan ağacların daha sürətlə böyüməsinə və karbon ehtiyatlarının bərpasına şərait yarada bilər. Lakin alimlər vurğulayırlar ki, bu nəticələr bütün meşələrə şamil edilə bilməz.

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNİAN nəşri Polşanın “Zielona Interia” nəşrinə istinadən məlumat yayıb.

Tədqiqat 1987–1989-cu illərdə Avstraliyanın Viktoriya ştatında, Mərkəzi Dağlıq ərazilərdəki Tandjil-Bren və ştatın şərqində yerləşən Kebbəc-Tri-Krik meşələrində aparılıb. Alimlər bütöv sahələrin ağaclardan təmizlənməsini, meşənin ayrı-ayrı hissələrinin kəsilməsini, ağacların 50–70 faizinin seyrəldilməsini və meşənin toxunulmaz saxlanılmasını müqayisə ediblər.

Araşdırma əsasən dünyanın ən hündür enliyarpaqlı ağac növlərindən biri olan Eucalyptus regnans üzərində aparılıb. İlk nəticələr göstərib ki, evkaliptlər geniş sahələrdə ağacların tam kəsilməsindən sonra daha yaxşı bərpa olunub. Kiçik sahələrdə və ya hündür ağacların saxlanıldığı ərazilərdə isə akasiyalar daha sürətlə yayılaraq gənc evkaliptlərlə rəqabət aparıb.

30 ildən sonra hansı nəticə əldə edildi?

2014-cü ildə Melburn Universitetinin tədqiqatçıları yenidən əraziyə qayıdaraq ağacların seyrəldildiyi sahələrdə maraqlı nəticələrlə qarşılaşıblar. Həmin ərazilərdəki ən iri evkaliptlərin gövdə diametri ağacların kəsilmədiyi sahələrdəki ən iri nümunələrlə müqayisədə təxminən 20 faiz çox olub.

Alimlər bunu ağacların seyrəldilməsindən sonra qalan bitkilərin daha çox işıq, su və qida maddələri əldə etməsi ilə əlaqələndirirlər. Nəticədə onların böyüməsi sürətlənib.

Tədqiqatın diqqətçəkən nəticələrindən biri də karbon ehtiyatları ilə bağlıdır. Müşahidələrə əsasən, seyrəldilmiş sahələrdə ağacların oduncağında toplanan karbonun miqdarı 30 ildən sonra toxunulmaz meşələrdəki göstəricilərə bərabər olub, bəzi hallarda isə onları üstələyib. Qalan ağacların sürətli böyüməsi kəsilmiş ağaclarla itirilən karbon ehtiyatını kompensasiya edib.

Heyvanlar üçün də əhəmiyyətlidir

İri və yaşlı ağaclar bir sıra heyvan növləri üçün sığınacaq rolunu oynayan koğuşların yaranmasına imkan verir. Avstraliyada nəsli kəsilmək təhlükəsi ilə üzləşən bəzi kisəli məməlilər bu cür ağaclardan yaşayış yeri kimi istifadə edirlər.

Foto-tələlərin köməyi ilə aparılan müşahidələrdə tədqiqatçılar nəsli kəsilmək təhlükəsində olan Gymnobelideus leadbeateri növünü meşə təsərrüfatı işlərinin aparıldığı araşdırma sahələrində qeydə alıblar. Toxunulmaz sahələrdə isə bu heyvan aşkarlanmayıb. Alimlər onun hərəkət etmək və qida axtarmaq üçün akasiyalardan da istifadə etdiyini bildiriblər.

Tədqiqat müəllifləri bununla belə, ağacların seyrəldilməsinin hər yerdə tətbiq olunmasını tövsiyə etmirlər. Onların fikrincə, bu üsul müəyyən şəraitdə, xüsusilə intensiv yanğınlardan və ya meşələrin kəsilməsindən sonra bərpa olunan, təxminən eyni yaşlı ağaclardan ibarət meşələrdə faydalı ola bilər.

Alimlər uzun illər əvvəl başlanmış ekoloji təcrübələrin davam etdirilməsinin vacibliyini də vurğulayırlar. Çünki meşələrdə aparılan müdaxilələrin uzunmüddətli nəticələrini yalnız onilliklər ərzində davam edən müşahidələr vasitəsilə dəqiq qiymətləndirmək mümkündür.

Samir

0