Quşları təbii yaşayış mühitində müşahidə etmək səyahət həvəskarları arasında getdikcə populyarlaşır. Turizm şirkətlərinin məlumatlarına görə, bu sahəyə maraq artmaqdadır və 2027-ci ilin quş müşahidəsi turları üçün əlamətdar il olacağı gözlənilir.
HİT.az xəbər verir ki, bu barədə UNİAN nəşri “Euronews”a istinadən məlumat yayıb.
Turizm platforması “GetYourGuide”ın məlumatına görə, 2026-cı il yanvarın 1-dən avqustun 27-dək dünyada quş müşahidəsi ekskursiyaları üçün rezervasiyaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz artıb. “Voyageurs du Monde” şirkəti isə 2026-cı ilin iyul-oktyabr ayları üçün bu turlara tələbin ilin ilk altı ayındakı göstəricidən 57 faiz çox olduğunu bildirib.
Mütəxəssislər hesab edirlər ki, bu marağın artması insanların təbiətlə daha yaxından təmasda olmaq və gündəlik həyatın sürətli tempindən uzaqlaşmaq istəyilə bağlıdır. Bir vaxtlar dar bir həvəskar çevrəsinin məşğuliyyəti sayılan quş müşahidəsi indi ayrıca səyahət istiqamətinə çevrilir.
Avropada quşları müşahidə etmək üçün ən yaxşı yerlər
“Voyageurs du Monde” şirkətinin nümayəndəsi Tom Barber yeni başlayanlara Rumıniyanın Dunay deltasını və Yunanıstanın şimal-şərqini tövsiyə edir.
Dunay deltasında geniş bataqlıq ərazilər və su yolları yerləşir. Burada yuva quran və miqrasiya edən quşlar da daxil olmaqla, 300-dən çox quş növünə rast gəlinir. Yunanıstanın şimal-şərqi isə mühüm miqrasiya marşrutlarının üzərində yerləşməsi, gölləri, bataqlıqları və meşələri ilə seçilir. Mütəxəssislər bu bölgəyə turistlərin nisbətən az olduğu mövsümlərarası dövrdə səfər etməyi məsləhət görürlər.
Portuqaliya da quş müşahidəsi üçün əlverişli istiqamətlərdəndir. Ölkənin Atlantik okeanı boyunca uzanan sahil xətti və Şərqi Atlantik miqrasiya marşrutu üzərində yerləşməsi dəniz quşlarını izləmək üçün geniş imkanlar yaradır. Xüsusilə Azor adaları və Madeyra arxipelaqı diqqət çəkir.
Rəngarəng dimdiyi ilə tanınan puffin quşlarını görmək istəyənlərə isə İslandiyaya səfər etmək tövsiyə olunur. Ölkənin cənub sahilləri yaxınlığındakı Vestmannaeyar adaları bu quşların böyük koloniyaları ilə məşhurdur.
Reytinqdə hansı məkanlar yer alıb?
“AllClear Travel” şirkətinin hazırladığı dünya reytinqində Avropadan yalnız iki məkan ilk 20-likdə yer alıb. Qiymətləndirmə zamanı qeydə alınan quş növlərinin sayı, hava şəraiti, hava limanına məsafə və gündəlik səyahət xərcləri nəzərə alınıb.
İsveçin cənub-qərbində yerləşən Falsterbu yarımadası dünya siyahısında 19-cu, Avropa istiqamətləri arasında isə birinci olub. İngiltərənin Norfolk qraflığındakı Titchwell Marsh qoruğu da dünyanın ən yaxşı quş müşahidəsi məkanları sırasına daxil edilib.
“AllClear Travel”ın Avropa üzrə seçdiyi digər məkanlar arasında Şotlandiyanın Fair Isle adası, Yunanıstanın Lesbos adasındakı Kalloni duzlu bataqlıqları və Kerkini gölü milli parkı, İngiltərənin Minsmere qoruğu, Portuqaliyanın Ria Formosa təbiət parkı, Fransanın Kamarg bölgəsi və İspaniyanın Ebro deltası var.
Mütəxəssislərin fikrincə, quş müşahidəsi turizmi həm təbiətə marağı artırır, həm də səyahətçilərə məşhur turistik məkanlardan kənarda yeni ərazilər kəşf etmək imkanı verir.
Samir


