Rusiya Tu-160M bombardmançıları ilə bağlı planlarını dəyişdi

DÜNYA
20:20 / 21.10.2026
62

Rusiya strateji Tu-160M bombardmançılarının istehsalını genişləndirmək planlarını həyata keçirməkdə ciddi çətinliklərlə üzləşib. Əvvəlcə 50 təyyarənin istehsalı nəzərdə tutulsa da, Müdafiə Nazirliyinin müqaviləsi cəmi 10 bombardmançını əhatə edir. İstehsalın ləngiməsinə korrupsiya qalmaqalları, ixtisaslı kadr çatışmazlığı və texnoloji problemlər səbəb göstərilir.

HİT.az xəbər verir ki, bu barədə DefenseRomania nəşri yazıb.

Məlumata görə, Rusiya 2016-cı ildən Tu-160M bombardmançılarının seriyalı istehsalını bərpa etməyə çalışır. Kazan Aviasiya Zavodu bunun üçün istehsal xətlərini və təchizat zəncirlərini yenidən qurmalı olub. Təyyarənin iri titan konstruksiyalarının hazırlanmasında istifadə edilən xüsusi avadanlıqların bərpası da prosesi çətinləşdirib.

Tu-160M zahirən sovet dövründən qalan sələfinə bənzəsə də, nəşrin məlumatına əsasən, daxili sistemlərin təxminən 80 faizi yenilənib. Köhnə analoq kompüterlər, naviqasiya, radioelektron mübarizə və silah idarəetmə sistemləri müasir elektronika ilə əvəzlənib. Bombardmançı təkmilləşdirilmiş NK-32 mühərrikləri ilə də təchiz olunub.

Bununla belə, Rusiyanın hərbi aviasiya sənayesi istehsalı planlaşdırılan sürətlə davam etdirə bilmir. Nəşr bunu xammal və ehtiyat hissələrinin tədarükündəki problemlər, müasir elektron komponentlərə çıxışın məhdudlaşması və Qərb sanksiyaları ilə əlaqələndirir.

Zavodun istehsal sahələrinin yenilənməsi də nəzərdə tutulan vaxtda başa çatmayıb. 2020-ci il üçün planlaşdırılan işlər gecikib, bəzi istehsal sahələri yalnız 2024-cü ilin yayında fəaliyyətə başlayıb. Materialda gecikmələrin səbəbləri sırasında korrupsiya və vəsaitlərin mənimsənilməsi ilə bağlı cinayət işləri, eləcə də avadanlıq tədarükündəki problemlər göstərilir.

İlk dəfə sıfırdan yığılan Tu-160M 2022-ci ilin yanvarında sınaq uçuşu həyata keçirib. Sonrakı illərdə təhvilvermə müddətləri dəfələrlə dəyişdirilib. Nəşrin məlumatına görə, Rusiya ordusu 2025-ci ilin sonunadək rəsmi olaraq cəmi iki bombardmançı qəbul edib. Bununla belə, həmin təyyarələrin tamamilə yeni istehsal olduğu, yoxsa sovet dövründən qalan gövdələrin modernləşdirilməsi nəticəsində hazırlandığı dəqiqləşdirilməyib.

Hazırda Kazan zavodunun ildə ən çoxu bir-iki təyyarə istehsal edə bildiyi bildirilir. Materialda qeyd olunur ki, mürəkkəb texnologiyalarla işləyən mühəndis və fəhlələrin çatışmazlığı da istehsalın genişləndirilməsinə mane olur.

Nəşr həmçinin Ukraynanın Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbələrinin strateji aviasiyanın həssaslığını üzə çıxardığını vurğulayır. Belə şəraitdə Moskvanın itirilmiş təyyarələri qısa müddətdə əvəzləməsi və strateji bombardmançı parkını əhəmiyyətli dərəcədə böyütməsi çətin görünür.

Qeyd edək ki, Tu-160M Rusiyanın strateji aviasiyasının əsas təyyarələrindən biridir və X-101 qanadlı raketlərini daşıya bilir. Aviasiya eksperti Boqdan Dolintsenin qiymətləndirməsinə görə, Rusiyanın nüvə potensialının mühüm hissəsi bu tip bombardmançıların mövcudluğundan asılıdır. Onun sözlərinə görə, “Hörümçək toru” əməliyyatından sonra Rusiyanın Tu-95, Tu-22 və Tu-160 tipli strateji bombardmançılarının əhəmiyyətli hissəsi itirilib və ya sıradan çıxarılıb.

Samir
 

0