Qarışqaların onilliklərdir davam edən müharibəsi: Bir sərhəddə 15 milyon itki

DÜNYA
22:17 / 21.10.2026
66

ABŞ-ın Kaliforniya ştatında Argentina qarışqalarının nəhəng koloniyaları ərazilərinə nəzarət etmək uğrunda onilliklərdir mübarizə aparır. Alimləri təəccübləndirən isə milyonlarla qarışqanın öldüyü bu qarşıdurmalara baxmayaraq, koloniyaların sərhədlərinin demək olar ki, dəyişməməsidir.

HİT.az xəbər verir ki, bu barədə “CHIP” nəşri “Molecular Ecology” jurnalında dərc olunan araşdırmaya istinadən yazıb.

Tədqiqatçılar Cənubi Kaliforniyada bir-birinə rəqib olan beş Argentina qarışqası superkoloniyasını müəyyən ediblər. Onların ən böyüyü Kaliforniya sahili boyunca təxminən 1000 kilometr ərazidəki yuvalara nəzarət edir. Müxtəlif koloniyaların qarışqaları qarşılaşdıqda isə ərazilərini qorumaq üçün şiddətli döyüşlərə girirlər.

Araşdırmaya əsasən, alimlərin apardığı sahə müşahidələrinin 40 faizində belə toqquşmalara rast gəlinib. Hər qarşıdurmada orta hesabla 15 min qarışqanın öldüyü hesablanıb. San Dieqo yaxınlığındakı Hodges gölü ətrafında altı ay davam edən müşahidələr zamanı isə bir sərhəd xəttində azı 15 milyon işçi qarışqanın tələf olduğu müəyyən edilib.

Milyonlarla itkiyə baxmayaraq, ərazilər dəyişmir

Alimlərin diqqətini çəkən əsas məqam odur ki, koloniyalar böyük itkilər versələr də, rəqibləri üzərində nəzərəçarpacaq üstünlük əldə edə bilmirlər. Aylarla davam edən müşahidələr zamanı sərhədlərin demək olar ki, eyni qaldığı qeydə alınıb.

Tədqiqatçılar bu mübarizəni Birinci Dünya müharibəsinin Qərb cəbhəsindəki səngər döyüşlərinə bənzədirlər. Həmin döyüşlərdə də çoxsaylı itkilərə baxmayaraq, cəbhə xətləri uzun müddət əhəmiyyətli dərəcədə dəyişmirdi.

Bioloq Mark V. Moffettin fikrincə, Argentina qarışqalarında uzunmüddətli münaqişələrdən sonra qonşu koloniyalara qarşı aqressiyanı azaldan mexanizm müşahidə olunmur. Buna görə də eyni ərazilərdə döyüşlər təkrar-təkrar baş verə bilir.

Cənubi Amerikadakı təbii yaşayış yerlərində çayların daşması bəzən belə qarşıdurmaları dayandırsa da, Kaliforniyada koloniyalar arasında mübarizəni kəsən oxşar təbii maneələr yoxdur.

Argentina qarışqaları XIX əsrdən etibarən beynəlxalq dəniz daşımaları vasitəsilə dünyanın müxtəlif bölgələrinə yayılıb. Məhdud genetik müxtəliflik onların bir-birini düşmən kimi tanımayan böyük qruplar yaratmasına şərait yaradıb. Lakin fərqli superkoloniyalar qarşılaşdıqda ərazi uğrunda mübarizə başlayır.

Tədqiqatçılar qeyd edirlər ki, təxminən 20 ildir bu koloniyaların müharibəsi ətraflı şəkildə yenidən araşdırılmayıb. Buna görə də qarşıdurmaların hazırda eyni intensivliklə davam edib-etmədiyi məlum deyil.

Samir

0