ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlara daha çox tərəfin cəlb edilməsini nəzərdən keçirir. Məqsəd Ukrayna və Avropa ilə əldə olunan irəliləyişi davam etdirmək, Rusiya ilə təklifləri müzakirə etmək və üçtərəfli, eləcə də daha geniş çoxtərəfli danışıqlara zəmin yaratmaqdır.
HİT.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid mənbələrinə istinadən məlumat yayıb.
ABŞ rəsmisinin sözlərinə görə, oktyabrın 20-də Osloda keçirilən danışıqlar məhsuldar və konstruktiv olub. Görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner, Ukrayna Prezidenti Volodimir Zelenski, Norveçin Baş naziri Yonas Qar Støre və Finlandiya Prezidenti Aleksandr Stubb iştirak ediblər.
Mənbə bildirib ki, Ukrayna tərəfi yeni ideya və təkliflər irəli sürüb, bunlar ətraflı müzakirə olunub. Tərəflər Rusiyaya münasibətdə əlaqələndirilmiş yanaşmanın müəyyənləşdirilməsi və diplomatik prosesin irəlilədilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə ediblər.
Danışıqlarda Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatları, müharibədən sonrakı iqtisadi inkişaf planı və Avropanın ümumi təhlükəsizlik arxitekturası da müzakirə edilib.
Məlumata görə, oktyabrın 21-də Uitkoffun Rusiyanın Prezidenti Vladimir Putinlə Sankt-Peterburqda görüşməsi planlaşdırılır. Cared Kuşnerin isə görüşə onlayn formatda qoşulacağı bildirilir. Tərəflərin Ukraynada müharibənin başa çatdırılması şərtlərini müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Osloda keçirilən görüşlərdə ABŞ, Ukrayna və Avropa tərəfdaşları arasında diplomatik səylərin davam etdirilməsi ilə bağlı ortaq mövqe formalaşdırılıb. Əvvəlcə üçtərəfli sammitin keçirilməsi perspektivi də müzakirə olunub.
Samir


