ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaları yumşaltmaq və Ukraynaya dəstəyi məhdudlaşdırmaq istiqamətində atdığı addımlar Vaşinqtonun milli maraqlarına zərər vurur. “The New York Times” nəşri hesab edir ki, Tramp aralıq seçkilər öncəsi ABŞ-da benzinin qiymətini aşağı salmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinə güzəştlər edir və bununla Ukraynada müharibənin davam etməsinə şərait yaradır.
HİT.az xəbər verir ki, bu barədə nəşrin oktyabrın 20-də dərc olunan redaksiya məqaləsində bildirilib.
Məqalədə qeyd olunur ki, Tramp oktyabrın 9-da Rusiya dizel yanacağının ABŞ-a ixracına tətbiq olunan sanksiyaları ləğv edəcəyini açıqlayıb. Nəşrin fikrincə, bu addım Rusiyanın iqtisadiyyatına və hərbi istehsal imkanlarına əlavə dəstək verə bilər. Ağ Evin digər qərarları, o cümlədən İlon Maskın rəhbərlik etdiyi “Starshield” peyk şəbəkəsinin xidmətlərinə qoyulan məhdudiyyətlər də tənqid olunub. Ukrayna hərbçiləri həmin sistemdən Rusiya hava hücumlarından müdafiə məqsədilə istifadə edirlər.
“The New York Times” yazır ki, Trampın bu siyasətinin səbəblərindən biri İranda apardığı müharibə nəticəsində yüksələn yanacaq qiymətlərini aşağı salmaq və qarşıdan gələn aralıq seçkilərdə Respublikaçılar Partiyasının mövqelərini qorumaq cəhdi ola bilər. Nəşr hesab edir ki, Putinə göstərilən diqqət Rusiyanı daha da aqressiv addımlar atmağa təşviq edir.
Məqalədə vurğulanır ki, Ukraynada müharibənin nəticələri təkcə bu ölkənin gələcəyini deyil, həm də Qərbin demokratik dəyərləri qorumaq qabiliyyətini müəyyənləşdirəcək. Nəşrin məlumatına görə, Ukrayna qüvvələri 2026-cı ilin yanvarından oktyabrın ortalarınadək təxminən 1 036 kvadratkilometr ərazini geri qaytarıb, pilotsuz uçuş aparatları ilə Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirib.
Bununla belə, nəşr hesab edir ki, ABŞ Ukraynaya dəstək məsələsində həlledici rolunu saxlamalıdır. Məqalədə Vaşinqtona “Starshield” sisteminə qoyulan məhdudiyyətləri aradan qaldırmaq və Rusiyanın enerji sektoruna qarşı sanksiyaların icrasını təmin etmək çağırışı edilir. Eyni zamanda, Ukraynanın maliyyə dəstəyinin daha böyük hissəsinin Qərbi Avropa ölkələri tərəfindən qarşılanmalı olduğu bildirilir.
Nəşr sonda qeyd edir ki, Ukrayna xalqı uzun müddətdir davam edən müharibədə böyük itkilər verib və ölkənin müqaviməti daha geniş mənada azad dünyanın maraqlarına xidmət edir. Məqalənin müəllifləri Trampın mövcud siyasətinin isə bu məqsədlərlə ziddiyyət təşkil etdiyini düşünürlər.
Samir

