Bolqarıstan Ukraynaya 2027-ci il üçün ayrılması nəzərdə tutulan əlavə 70 milyard avroluq Avropa İttifaqı maliyyə dəstəyi proqramında iştirak etməyəcək. Bununla da Slovakiya və Macarıstandan sonra daha bir Aİ ölkəsi Kiyevə əlavə maliyyə ayrılmasına qoşulmaqdan imtina edib.
HİT.az xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi (BTA) ölkənin Baş naziri Rumen Radevin açıqlamasına istinadən məlumat yayıb.
Radev bildirib ki, Avropada mövcud vəziyyət fonunda Bolqarıstanın 70 milyard avroluq proqramda iştirak etməsi mümkün deyil. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən cümə günü başa çatan Avropa Şurasının iclasında bu məbləğin ayrılmasını istədiyini xatırladıb. Baş nazir, həmçinin ötən il Avropanın Ukraynaya 90 milyard avro kredit verilməsi barədə qərar qəbul etdiyini qeyd edib.
Bolqarıstan hökumətinin rəhbəri Avropa ölkələrində narazılığın artmasına səbəb olan amillər sırasında nəzarətsiz miqrasiyanı, inteqrasiya siyasətindəki problemləri, “Yaşıl saziş”i, sənayesizləşməni və iş yerlərinin itirilməsini sadalayıb. Onun fikrincə, Ukraynadakı müharibə də Avropa iqtisadiyyatına əlavə yük yaradır, sosial gərginliyi və siyasi qeyri-sabitliyi artırır.
Radev döyüşlərin mümkün qədər tez dayandırılmasına çağırıb. O bildirib ki, müharibənin hər günü Avropada sülhə, rifaha, sosial və siyasi sabitliyə təhlükə yaradır.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski gələn il müharibə xərclərinin 155 milyard avroya çatacağını açıqlayıb və Avropa İttifaqından ən azı 70 milyard avro əlavə maliyyə ayrılmasını istəyib. Kiyev bu vəsaitin silah istehsalının artırılmasına və Rusiyaya təzyiqin gücləndirilməsinə imkan verəcəyini bildirir. Slovakiya və Macarıstan da sözügedən maliyyə proqramına qoşulmayacaqlarını açıqlayıblar.ə
Samir

