ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqtonun, xüsusilə Donald Tramp administrasiyasının göstərdiyi dəstək olmasaydı, Ukrayna bu gün suveren dövlət kimi mövcud olmaya bilərdi. O, bu fikirləri “Starlink” peyk rabitə sisteminin Ukraynada fəaliyyətinə mümkün məhdudiyyətlərlə bağlı sualları cavablandırarkən səsləndirib.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Rubio jurnalistlərlə söhbətində ABŞ-ın Ukraynaya yardımının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqtonun bu məsələdə əvvəlcədən hər hansı məhdudiyyət qərarından xəbərdar olduğu və ya prosesə rəhbərlik etdiyi barədə iddialar həqiqəti əks etdirmir. Dövlət katibi ABŞ hökumətinin özəl şirkətin məhsulu ilə bağlı qərarlarına tam nəzarət edə bilməyəcəyini də bildirib.
Bu açıqlamalar “The Wall Street Journal” nəşrinin “SpaceX” şirkətinin rəhbəri İlon Maskın Ukraynaya dəstək verən “Starlink” sisteminin fəaliyyətini zəiflətmək barədə göstəriş verdiyi ilə bağlı məlumatından sonra səsləndirilib. Nəşrin yazdığına görə, Mask bu məsələni Tramp və administrasiyanın nümayəndələri ilə müzakirə edib. Rubio isə ABŞ prezidentinin qərardan əvvəl məlumatlı olub-olmadığını bilmədiyini deyib.
Dövlət katibi Ukrayna hərbçilərinin Rusiya qarşısında cəsarətlə müqavimət göstərdiyini də qeyd edib.
Rubio, həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Sankt-Peterburqa səfəri və müharibənin dayandırılması ilə bağlı danışıqlardan danışıb. Onun sözlərinə görə, müzakirələrin əsas istiqamətlərindən biri Ukraynanın şərqindəki Donbas bölgəsinin gələcəyidir. Tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün bir sıra yeni təkliflər irəli sürülüb.
Rubio vurğulayıb ki, razılığa gəlmək üçün hər iki tərəf müəyyən güzəştlərə getməli olacaq. Onun fikrincə, Ukrayna üçün əsas məsələlərdən biri gələcəkdə yeni işğal və hücumların qarşısını almağa imkan verəcək uzunmüddətli təhlükəsizlik təminatlarının əldə edilməsidir.
Samir


