150 illik sirr açıldı: Roma sarkofaqından tapılan skeletin kimliyi müəyyənləşdirildi

DÜNYA
17:26 / 21.10.2026
54

Londondakı Vestminster abbatlığında 150 ildən çox əvvəl aşkar edilən Roma dövrünə aid daş sarkofaqın içindəki skeletin kimə məxsus olduğu müəyyənləşdirilib. Arxeoloqlar hesab edirlər ki, qalıqlar XI əsrdə yaşamış yüksək vəzifəli Benedikt rahibinə aid ola bilər.

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri “Journal of the British Archaeological Association” jurnalında dərc olunub.

Əhəngdaşından hazırlanmış sarkofaq 1869-cu ildə Vestminster abbatlığında aparılan qazıntılar zamanı aşkarlanıb. Daşın üzərində eramızın III–IV əsrlərində yaşamış varlı britaniyalı Valerius Amandin haqqında yazı olub. Lakin sarkofaqın üzərindəki latın xaçının X–XI əsrlərdə həkk edildiyi ehtimal olunur. Bu isə məzarın bir neçə əsr sonra yenidən istifadə edildiyini göstərir.

Radiokarbon analizi skeletin təxminən 987–1052-ci illər arasında vəfat etmiş şəxsə aid olduğunu üzə çıxarıb. Sümükləri araşdıran mütəxəssislər həmin şəxsin ölüm zamanı 35–49 yaşlarında və təxminən 175 santimetr boyunda olduğunu müəyyən ediblər.

Abbatlığın arxeoloqu Uorik Rodvelin fikrincə, skeletin kimliyi ilə bağlı iki əsas ehtimal var. Bunlardan biri təxminən 1020-ci ildə vəfat etmiş abbat Elfviq, digəri isə 1049-cu ildə dünyasını dəyişmiş onun xələfi Vulnotdur. Hər iki şəxs həmin dövrdə Benedikt monastırı olan Vestminsterdə fəaliyyət göstərib. Tədqiqatçılar Elfviqin bu məzarda dəfn olunması ehtimalını bir qədər daha əsaslı hesab edirlər, lakin dəqiq kimlik hələ təsdiqlənməyib.

Mütəxəssislər mərhumun yüksək sosial statusa malik olduğunu düşünürlər. Belə ki, Roma dövrünə aid sarkofaq yenidən istifadə edilərək içərisinə taxta tabut yerləşdirilib. Arxeoloqların fikrincə, tabut əsrlər ərzində çürüsə də, əhəng izləri onun əvvəlki formasını müəyyənləşdirməyə imkan verib.

Maraqlıdır ki, sarkofaq hələ 1820-ci ildə aşkarlansa da, skeletin qalıqlarının itirildiyi düşünülürdü. Yalnız 2016-cı ildə məzar bərpa işləri üçün açıldıqda içəridə demək olar ki, bütöv skelet tapılıb. Hazırda sarkofaqı abbatlığın Kraliçanın Brilyant Yubileyinə həsr olunmuş qalereyalarında görmək mümkündür.

Samir

0