Qaynarinfo xəbər verir ki, Rusiyanın Aralıq dənizində hərbi-dəniz qüvvələrinin mövcudluğu əhəmiyyətli dərəcədə azalıb.
HİT.Az xəbər verir ki, NATO rəsmisinin və iki analitikin “Breaking Defense” nəşrinə verdiyi məlumata görə, 2026-cı ilin sentyabr ayının əvvəlinə qədər təxminən iki ay ərzində bölgədə Rusiya hərbi gəmiləri müşahidə olunmayıb. NATO nümayəndəsi belə vəziyyətin sonuncu dəfə 2016-cı ildə qeydə alındığını bildirib.
Rusiyanın mövqelərinin zəifləməsinin əsas səbəblərindən biri Suriyanın Tartus limanındakı hərbi-dəniz bazasından əvvəlki kimi istifadə edə bilməməsidir. Suriyada hakimiyyət dəyişikliyindən sonra yeni rəhbərlik əvvəlki icarə sazişini dayandırıb və bu, Rusiya gəmilərinin bölgədə təchizatını çətinləşdirib. Avqustda tərəflər Tartus və Xmeymimdəki Rusiya hərbi obyektlərinin birgə təlim mərkəzləri kimi istifadəsi barədə razılığa gəlsələr də, bu, donanmanın əvvəlki logistik imkanlarının bərpa olunduğu anlamına gəlmir.
NATO rəsmisinin sözlərinə görə, Rusiya donanması hazırda ticarət gəmilərini, o cümlədən “kölgə donanması”na aid tankerləri müşayiət etmək üçün əlavə dəstək gəmilərinə ehtiyac duyur. Hərbi gəmilərin təminatında yaranan çətinliklər səbəbindən bəzi hallarda bir gəmidən digərinə yanacaq və təchizat ötürülür ki, bu da təhlükəli hesab olunur.
Rusiya hərbi gəmilərinin Baltik, Şimal və Aralıq dənizlərində ticarət daşımalarını müşayiət etməyə daha çox cəlb edilməsi donanmanın digər əməliyyatlar üçün imkanlarını məhdudlaşdırır. NATO nümayəndəsi bu fəaliyyətin hərbi gəmilərin dənizdə keçirdiyi vaxtın əhəmiyyətli hissəsini tutduğunu və onların başqa tapşırıqları yerinə yetirmək qabiliyyətinə mənfi təsir göstərdiyini vurğulayıb.
Lancaster Universitetinin beynəlxalq təhlükəsizlik üzrə professoru Bazil Cermond isə hesab edir ki, Rusiyanın hazırkı çətinlikləri həm resursların məhdudluğu, həm də donanmanın əməliyyat imkanları ilə bağlıdır. Bununla belə, ekspert Moskvanın uzunmüddətli perspektivdə Aralıq dənizinə hərbi gəmilər göndərmək üçün strateji marağını və müəyyən imkanlarını qoruduğunu qeyd edib. Onun fikrincə, mövcud vəziyyət nə donanmanın fəaliyyətində daimi dəyişiklik, nə də müvəqqəti istisnadır; bu, Rusiyanın üzləşdiyi strateji və əməliyyat reallığının nəticəsidir.
Samir


