Londonda Roma dövrünə aid sarkofaqdakı sirr açıldı: Məzarda kim dəfn edilib?

DÜNYA
18:59 / 21.10.2026
55

Londondakı Vestminster abbatlığında Roma dövrünə aid sarkofaqın içərisində tapılan insan skeletinin kimə məxsus olduğu ilə bağlı sirrin üstü açılıb. Arxeoloqlar qalıqların orta əsrlərdə yaşamış yüksək vəzifəli din xadiminə, böyük ehtimalla, abbat Elfviqə aid olduğunu düşünürlər.

HİT.az xəbər verir ki, əhəngdaşından hazırlanmış sarkofaq ilk dəfə 1820-ci ildə aşkar edilsə də, onunla bağlı rəsmi arxeoloji qazıntılar 1869-cu ildə aparılıb. Sarkofaqın üzərində Roma dövrünə aid ornament və latınca Valerius Amandinus adı yazılıb. Bununla belə, ərazidə Roma dövrünə aid başqa əşyaların tapılmaması dəfnin tarixçəsi ilə bağlı suallar yaradıb.

Vestminster abbatlığının arxeoloq-məsləhətçisi, professor Uorik Rodvellin sözlərinə görə, sarkofaq ilkin olaraq həmin yerdə yerləşdirilməyib və sonradan başqa məqsədlə istifadə olunub. 2018-ci ildə aparılan araşdırma zamanı sarkofaqın qapağı açılıb və içərisində insan skeleti aşkarlanıb. Tədqiqatlar dəfn edilən şəxsin 35–49 yaşlarında kişi olduğunu, boyunun isə təxminən 175 santimetr təşkil etdiyini göstərib.

Radiokarbon analizinin nəticələrinə əsasən, qalıqlar X əsrin sonu – XI əsrin əvvəllərinə aiddir. Bu isə Roma dövründə hazırlanmış sarkofaqın bir neçə əsr sonra yenidən istifadə edildiyini göstərir. Qapağın üzərindəki böyük xaç da tədqiqatçıların diqqətini çəkib. Arxeoloqlar həmin simvolun sonrakı dövrdə əlavə edildiyini və yüksək rütbəli din xadiminin dəfninə işarə edə biləcəyini bildirirlər.

Rodvell dəfn olunan şəxsin kimliyi ilə bağlı iki ehtimal irəli sürüb: təxminən 1020-ci ildə vəfat edən abbat Elfviq və 1049-cu ildə öldüyü ehtimal olunan Vulfnot. Arxeoloq daha çox Elfviqin namizədliyinə üstünlük verir. Onun fikrincə, Elfviqin əvvəlcə Vestminster abbatlığında rahib olması və sonradan təxminən 27 il abbat vəzifəsini icra etməsi bu ehtimalı gücləndirir.

Mütəxəssis ehtimal edir ki, sarkofaq əvvəlcə kilsənin şərq hissəsində yerləşdirilib, daha sonra isə III Henrinin dövründə aparılan tikinti işləri zamanı başqa yerə köçürülüb. Araşdırmanın nəticələri Journal of the British Archaeological Association jurnalında dərc olunub. Bununla belə, dəfn edilən şəxsin kimliyi hələ qəti şəkildə təsdiqlənməyib.

Samir

0