Dünyanı səyahət edən Konrad Varjeha və sevgilisi Karo maraqlı üsulla yaşayış xərclərinə qənaət edirlər. Cütlük ev sahibləri səfərdə olarkən onların evlərinə və ev heyvanlarına qulluq etməklə pulsuz qalmaq imkanı əldə edir. Bu üsul sayəsində onlar son üç ildə 36 ölkəyə səfər ediblər.
HİT.az xəbər verir ki, bu barədə “Rumıniyanın “Ziare.com” nəşri yazıb.
Cütlük 36 ölkədən 12-də evlərə nəzarət və heyvanlara qulluq müqabilində yaşayıb. Digər ölkələrdə isə otellərdə və ya kirayə mənzillərdə qalıblar. Onlar səyahət zamanı gəlirlərini internet üzərindən gördükləri işlərdən əldə edirlər.
Konradın sözlərinə görə, bu həyat tərzi onlara həm xərcləri azaltmağa, həm də əvvəllər yalnız xəyal edə biləcəkləri evlərdə yaşamağa imkan verib. Məsələn, cütlük Fransız Alplarında bir ay dağ mənzərəli dağ evində qalıb. Onlar həmin müddətdə iki pişiyə qulluq edib, göllərin ətrafında gəzintiyə çıxıb və yerli mətbəxin dadını çıxarıblar.
Konrad hesab edir ki, evlərə nəzarət edən şəxslər ünsiyyət bacarığına malik olmalı, heyvanlara qayğı göstərməli, səliqəli və məsuliyyətli davranmalıdırlar. Evdə it olduqda isə gündəlik planlarını heyvanın ehtiyaclarına uyğun qurmalı, uzun müddət evdən uzaq qalmamalıdırlar.
Bununla belə, cütlüyün səyahətləri həmişə rahat keçməyib. Yunanıstanda qaldıqları evlərdən birinin parazitlərlə dolu olduğunu görüb və iki həftə ərzində təmizliklə məşğul olmaq məcburiyyətində qalıblar. Başqa bir səfərdə isə aqressiv davranışları olan itlə bağlı çətinlik yaşayıblar.
Bütün bu problemlərə baxmayaraq, Konrad seçdikləri həyat tərzindən peşman olmadıqlarını bildirir. Onun sözlərinə görə, bu üsul onlara müəyyən bir yerə bağlı qalmadan dünyanı gəzmək və gözəl evlərdə yaşamaq imkanı verir.
Samir


